Vətən müharibəsinin başlamasından üç il keçir

Vətən müharibəsinin başlamasından üç il keçir
  • Cəmiyyət / Maraqlı

  • Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.

    Leqal.az xatırladır ki, artıq üçüncü ildir sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.

    Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.

    Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

    Beləliklə, bu gün Azərbaycanda Vətən müharibəsi qəhrəmanları minnətdarlıq hissi ilə anılacaq, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna böyük ehtiram göstəriləcək.

    Qeyd edək ki, Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

    Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan edilib.

    Üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.

    Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin bir çox hərbi qullluqçusu sağlamlığını itirərək qazi və 2908 hərbi qulluqçusu şəhid olub, 6 nəfər isə hələ də itkin düşmüş sayılır.

    Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycanda Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb.

    Beləliklə, uzun illər erməni işğalı altında olan Azərbaycanın əzəli və əbədi torpaqları azad olunub. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri aparılır, eləcə də insanların öz yurdlarına qayıdışı təmin olunur.

    Allah şəhidlərimizə rəhmət eləsin!
    PAYLAŞ:

    Oxşar xəbərlər