Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın şəhəri Günü” bayram tədbirində iştirak ediblər. Dövlət başçısı tədbirdə çıxış edib. Prezident laçınlıları və qonaqları salamladiqdan sonra onları ilk növbədə Şəhər Günü münasibətilə ürəkdən təbrik etdi. O qeyd etdi ki, ilk dəfədir Laçında Şəhər Günü keçirilir, böyük təntənə ilə, böyük coşqu ilə keçirilir. İkinci Qarabağ müharibəsi nəticəsində Laçın rayonu işğaldan azad edildi. Biz qısa müddət ərzində yeni yol çəkərək həm Laçına, həm də Zabux və Sus kəndlərinə qayıtdıq və bu gün zabuxlular 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Laçınlılar isə mayın 28-dən etibarən artıq buradadırlar. Mayın 28-də - Müstəqillik Günündə mən birinci qrup laçınlılara onların evlərinin açarlarını təqdim etdim və beləliklə, Laçının dirçəliş dövrü başlamışdır.
O vaxtdan bu günə qədər 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm də kənd sakini Laçında yaşayacaq. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən bizim müzəffər Silahlı Qüvvələrimizdir. Fürsətdən istifadə edərək bütün şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edir, onlara Allahdan rəhmət diləyirik. Bu gün biz doğma torpağımızda bayram şənlikləri keçiririk. Bundan böyük xoşbəxtlik ola bilməz. Sonra Prezident doğma torpaqlarına qayıtmış uşaqlarla keçirtdiyi tədbirlərdən söhbət açmışdır. O qeyd etmişdir ki, onlardan soruşurdum, həm Zabuxda, həm Laçın şəhərində, siz Bakıdan, Sumqayıtdan, digər yerlərdən gəlmisiniz, darıxmırsınız? Xeyr dedilər. Biz öz doğma torpağımızda qürurla yaşayırıq. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır. İndi isə biz Laçını qurub-yaradırıq. Bu gün isə biz bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Biz qurub-yaradan xalqıq.
Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik. Xatırlayıram, əlli yaşımı Ağcabədidə laçınlılarla qeyd etmişəm, 60 yaşımı Şuşada qeyd etmişəm, Cıdır düzündə, bu gün də Laçın Şəhəri Günündə sizinlə birlikdə bu bayram tədbirlərində iştirak edirəm. Bu hər birimiz üçün böyük xoşbəxtlikdir. Biz xoşbəxt günləri yaşayırıq. Sonra Cənab Prezident, bildiyiniz kimi, bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qurulmasını xüsusilə qeyd etdi. O dedi ki, bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik. Biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq. Çıxışının sonunda İlham Əliyev laçınlıları bir daha Şəhər Günü münasibətilə təbrik etdi və çıxışını: Yaşasın Laçın! Yaşasın Azərbaycan! Şüarları ilə bitirdi.
Şıxəliyeva Aidə
Elşən Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəb