Cənubi Qafqazda Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır, əsas söz sahibi olan dövlət kimi çətin şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Əlbəttə ki, ölkəmizin əldə etdiyi bütün uğurlar Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən daxili və xarici siyasətinin nəticəsidir. Məhz cənab Ali Baş Komandanin başçılığı ilə Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfələr verir.
Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir. Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Xalqlarımız arasında qardaşlıq münasibətləri çoxəsrlik tarixə malikdir, bütün dostluq və qardaşlıq dövrü ərzində biz bir-birimizin yanında olmuşuq və bir-birimizi dəstəkləmişik. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb.
İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. Azərbaycanda mütəmadi olaraq Özbəkistan mədəniyyət günləri keçirilir.
1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Azərbaycanda səfirliklərinin fəaliyyətə başlaması ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsinə əlavə töhfə oldu. Dostluğa sadiq Özbəkistanda isə hazırda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq, Ermənistan səfirliyi və Ermənistanda Özbəkistan səfirliyi fəaliyyət göstərmir.
Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər.
Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək. Prezident İlham Əliyevin ötən ilin iyununda Özbəkistana dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev isə ölkələrimiz arasında əlaqələrin, xüsusilə də humanitar sahədə əməkdaşlığın əhəmiyyətini önə çəkərək qeyd edib: “Biz ölkələrimiz arasında humanitar əməkdaşlığı çox yüksək qiymətləndiririk. Bu, tamamilə təbiidir, çünki xalqlarımız qardaş xalqlardır, yaxın xalqlardır. Biz özbək ədəbiyyatını, musiqisini, mədəniyyətini çox sevirik. Yəni, bunlar sizin üçün olduğu kimi, bizim üçün də əziz və doğmadır.
Ceyhun Hüseynov,
Masallı MRX İƏ söbəsinin mütəxəssisi