2023-cü il “Heydər Əliyev İli” kimi qeyd olunur. Bu məqsədlə hazırlanan tədbirlər planına uyğun olaraq bir sıra tədbirlər həyata keçirilir.Heydər Əliyev irsinin öyrənilməsi, onun təbliği gənc nəslin təlim-tərbiyəsində xüsusi rolu olacaqdır. Heydər Əliyev irsi gənc nəsil üçün bir məktəbdir. Bu gün Azərbaycan gənci bir olmağı, bir yumruq altında birləşməyi bacarır, lazım gələndə öz sözünü deyə bilir. 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün təbliği məqsədilə tematik sitatlarından birini xatırlamaqla, məncə, fikrimizi təsdiqləyə bilərik. “Azərbaycanın dövlət müstəqilliyini qorumaq, ərazi bütövlüyünü təmin etmək, Azərbaycan Respublikasını erməni təcavüzündən xilas etmək üçün hamını birliyə, əməkdaşlığa dəvət edirəm”.
Müdrik şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məqsədyönlü siyasət nəticəsində ölkənin iqtisadi həyatında qazanılmış ən mühüm uğurlardan biri də dünyanın inkişaf etmiş nüfuzlu şirkətləri ilə bağlanmış neft müqavilələri olmuşdur. Bu müqavilələr Azərbaycan iqtisadiyyatının gələcək inkişafı üçün geniş perspektivlər açmışdır. Heydər Əliyevin neft strategiyası dövlətimizin müstəqilliyinin qarantına çevrilməklə yanaşı, azad iqtisadi münasibətlər mexanizmlərini də hərəkətə gətirmiş, ölkəmizin dünya iqtisadi məkanına dinamik inteqrasiyasını, xalqımızın rifahının artması üçün çox önəmli olan xarici sərmayələrin cəlb edilməsini təmin etmişdir.
Bütün bunlar dövlətimizin daxili qüdrəti ilə yanaşı, beynəlxalq nüfuzunun artırılmasına xidmət edir. Xəzərin Azərbaycan hissəsində dünyanın tanınmış neft şirkətləri ilə yataqların birgə işlənməsi üzrə ilk sazişlərin, “Əsrin müqaviləsi”nin imzalanması, ölkəmizin parlaq gələcəyinə stimul yaradan yeni neft strategiyası Heydər Əliyev müdrikliyinin bariz nümunəsi idi. Siyasi və iqtisadi böhran keçirən bir ölkədə qısa zamanda sabitlik yaratmaq, dünyanın nəhəng şirkətlərini regiona cəlb etmək, konkret olaraq milyard dollarla ölçülən sazişləri imzalamaq, sözsüz ki, uzaqgörən siyasət və müdriklik tələb edirdi. “Əsrin müqaviləsi”nin Azərbaycanın parlaq inkişafı üçün nə demək olduğunu hamı anlamalıdır”.
Bu sözlər məhz ümummilli lider Heydər Əliyevə məxsusdur. Xüsusi vurğulanmalıdır ki, müstəqil Vətənimizin sosial, iqtisadi, siyasi inkişafı, Cənubi Qafqaz bölgəsində sülhün və əmin-amanlığın bərqərar olması istiqamətində Heydər Əliyev dühasının yeritdiyi siyasi kurs - Azərbaycanın beynəlxalq aləmə geniş inteqrasiyasına rəvac verən bu tərəqqi yolu ölkəmizin sayılıb-seçilən dövlətlər arasında öz layiqli yerini tutmasına, ən əsası isə xalqımızın firavan və xoşbəxt gələcəyinə tam təminat vermişdir.
Fərid Əyyubzadə,
Masallı rayonu Banbaşı kəndi