Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kompaniyadır

Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kompaniyadır
  • Cəmiyyət

  • Avqustun 16-da BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhranı”n müzakirəsi üçün təcili iclas keçirmişdir. Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış edərək Ermənistanın davamlı dezinformasiyasından, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kompaniyadan danışıb, Azərbaycan dövlətinin bu məsələ ilə bağlı mövqeyi barədə məlumat vermişdir.                                                                                                                                    
    Çıxışına Ermənistanın ölkəmizə qarşı təbliğ etdiyi “blokada” və ya “humanitar böhran” ilə bağlı bütün əsassız və sübutu olmayan iddiaları qətiyyətlə rədd edərək başlayan Y.Əliyev bildirib ki, Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kompaniyadır. Məhz Ermənistan 30 ilə yaxın dövrdə işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını birmənalı şəkildə tələb edən 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurasının sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayıb. Bu xüsusda, Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümündən başqa bir şey deyil və onun Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir. Əgər Ermənistan yardım etmək istəyində səmimi olsaydı, bu, dərhal baş verərdi. Bu, həqiqətən də bu yaxınlarda - bir neçə gün əvvəl beynəlxalq aktorların, o cümlədən Təhlükəsizlik Şurasının bəzi üzvlərinin fəal iştirakı nəticəsində praktiki olaraq mümkün idi. Bu, təkcə Ermənistanın imtinası nəticəsində baş tutmadı.                                                         
             
    Qeyd edilib ki, bir sıra intensiv məsləhətləşmələr və “məkik diplomatiyası” səylərindən sonra, nəhayət, humanitar yüklərin müxtəlif marşrutlar vasitəsilə Qarabağ bölgəsinə çatdırılması, eləcə də mərkəzi hakimiyyətin xüsusi nümayəndələri ilə yerli erməni sakinləri arasında görüşün təşkilinə dair razılıq əldə olunmuşdu.                                                                                                               
             
    Yaşar Əliyev çıxışında bəzi faktları iclas iştirakçılarının diqqətinə çatdıraraq deyib:“- 2020-ci ildə müharibə başa çatdıqdan dərhal sonra Azərbaycan yüklərin Qarabağ bölgəsinə çatdırılması üçün öz logistik imkanlarını və infrastrukturunu BQXK-ya təklif edib. 2021-ci ildə yüklər BQXK tərəfindən həmin əraziyə çatdırılmaq üçün Bərdəyə daşınıb. Erməni tərəfi yüklərdən imtina edərək BQXK-nın humanitar yardımın çatdırmasına mane olub.                                                                     
    - Laçın-Xankəndi yolunda ekofəalların etirazları başlayandan dərhal sonra Azərbaycan BQXK-dan yerli sakinlər üçün lazım olan malların siyahısını təqdim etməyi xahiş edib və onların çatdırılması üçün bütün maddi-texniki və infrastruktur dəstəyi göstərməyə hazır olduğunu bildirib. BQXK cavab verib ki, Ermənistan tərəfi Azərbaycan üzərindən hər hansı təchizat istəmir.
           
    Ermənistan BQXK-nın vasitəçiliyindən sui-istifadə etməklə Qarabağ bölgəsinə mikroçiplər kimi ikili təyinatlı texnologiyaları qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərməklə, presendentsiz addım atıb. BQXK Komitənin humanitar mandatına və nüfuzuna ciddi zərbə vuran bu faktı etiraf etməyə məcbur olub.                                                                                                              
             
    Ermənistan BQXK-nin Bakıda yerləşən beynəlxalq tibb işçilərinin Xankəndiyə göndərilməsini qəbul etməyib. Bu təklif BQXK-nin tibbi evakuasiyalarını asanlaşdırmaq və tibbi məsələlərin yerində həllinə kömək etmək çərçivəsində irəli sürülüb və Azərbaycan tərəfindən dəstəklənib.                                               
    Ermənistanın BQXK-dan siyasi məqsədləri üçün sui-istifadə etməsi də açıq şəkildə göstərir ki, beynəlxalq mövcudluğun, o cümlədən BMT-yə bağlı təşkilatların artırılmasına dair çağırışların humanitar narahatlıqlarla heç bir əlaqəsi yoxdur, bunun əvəzinə məqsəd manipulyasiya etmək üçün daha çox alət əldə etməkdir”.                                                                                                           
             
    Qarabağ bölgəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu və orada yaşayan etnik ermənilərin Azərbaycanın sakinləri hesab edildiyini vurğulayan daimi nümayəndə bildirib ki, Azərbaycan hökuməti bu sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir. Bu məqsədlər beynəlxalq hüquqa və beynəlxalq humanitar hüququn prinsiplərinə tam uyğundur ki, bu da Azərbaycanın sözügedən standartlara riayət etməkdə sarsılmaz sadiqliyini nümayiş etdirir.                                                                                                     
    “Laçın dəhlizi” adlanan yol Azərbaycanın suveren ərazisi daxilində, heç bir ekstraterritorial statusu olmayan, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, ilk növbədə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınması üçün nəzərdə tutulmuş yoldur. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib. Azərbaycan Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etdikdən sonra da bu olduğu kimi qalır.                                                                                                               
    Y.Əliyev sərhəd-buraxılış məntəqəsinin yaradılmasının mülki əhalinin Laçın yolu ilə gediş-gəlişinə mane olmadığını, 2023-cü il iyunun 15-dək bu cür hərəkətlərin sayının faktiki olaraq nəzərəçarpacaq dərəcədə artdığını diqqətə çatdıraraq deyib: “Həmin tarixdə Ermənistanın davam edən təxribatının növbəti nümunəsi Ermənistan silahlı qüvvələrinin Azərbaycan sərhədçiləri və onları müşayiət edən Rusiya sülhməramlı qüvvələrinə hücumu zamanı baş verib. Bu hücum Azərbaycan sərhədçisinin ağır yaralanması ilə nəticələnib və eyni zamanda, BQXK-nın əməkdaşları və məntəqədən keçən mülki şəxslər üçün birbaşa təhlükə yaradıb.                                                                                                                          
    Bununla yanaşı, Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi. Bu yol Azərbaycanın əsas nəqliyyat marşrutlarından  birinə - “İpək Yolu” və ya M2 avtomobil yolu kimi tanınan və beynəlxalq bazarlara etibarlı əlaqəni təmin edən magistral yolu ilə bağlıdır. Uzunluğu 59 kilometr olan, dağlıq və serpantinli ərazidən keçən Laçın-Xankəndi yolu ilə müqayisədə bu yol Ağdamla Xankəndi arasında cəmi 18 kilometrdir. Bu gün Ağdama səfərləri çərçivəsində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, o cümlədən BMT-nin Rezident Əlaqələndirici Ofisinin və BMT-nin digər qurumlarının nümayəndələri də yolun işləkliyinə və yüklərin daşınması üçün hazırlığına şahid olmaq imkanı əldə ediblər”. 

    Əminik ki, beynəlxalq ictimaiyyət və ilk növbədə, Təhlükəsizlik Şurası bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi yolu ilə hər iki ölkənin legitim maraqlarına uyğun olaraq, bərabər və qarşılıqlı hörmətə əsaslanan bu yanaşmanı dəstəkləyəcək”, - deyə Y.Əliyev bildirmişdir.

         

    Əyyubzadə Fərid,
    Banbaşı kəndi 

    PAYLAŞ:

    Oxşar xəbərlər