Bu gün Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrini dərinləşdirməkdə və inkişaf etdirməkdə maraqlı olan ölkələrdən biri də Rumıniyadır. Bu, Rumıniya Prezidentinin Azərbaycana səfəri zamanı, fevralın 2-də mətbuata verdiyi bəyanatda da öz təsdiqini tapıb. Cənab Yohannis Azərbaycana ilk dəfə səfər etdiyini qeyd edib və Rumıniyanın Cənubi Qafqaz bölgəsində ilk olaraq məhz Azərbaycanla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırdığını xüsusi vurğulayıb. Həmçinin bildirilib ki, Rumıniya Avropa İttifaqının ilk üzvüdür ki, Azərbaycanla strateji tərəfdaşlıq haqqında belə bir sənəd imzalayıb. Həqiqətən də Rumıniya ilə Azərbaycan 30 il ərzində gözəl diplomatik və siyasi münasibətlərə malik olublar. Ötən il isə bunun çox güclü bir dinamikası baş verdi və Rumıniya Prezidenti bunun məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin Buxarestə səfəri nəticəsində baş verdiyini vurğuladı. Həmin tarixi səfər zamanı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş imzalandı.
Azərbaycan ilə Rumıniya arasında əməkdaşlıq əlaqələri qarşılıqlı maraqlar əsasında qurulub: Cənab Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatında da qeyd olunduğu kimi, indiyədək ölkələrimiz arasında Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu tərəfdaşlıq sadəcə imzalanmış sənədlərlə deyil, eyni zamanda da ölkələrimiz arasında siyasi əlaqələrin çox yüksək səviyyədə olmasında öz təsdiqini tapır. Əldə olunan razılaşmalara əsasən iki ölkə arasında ticarət dövriyyəsinin şaxələndirilməsi üçün əlavə addımlar atılacaqdır. Təbii ki, bu gün məhz energetika sahəsində əməkdaşlıq daha aktualdır. Həm də bu aktuallıq təkcə Azərbaycan-Rumıniya münasibətlərində deyil, eyni zamanda bütün dünya ölkələrinin gündəliyində özünü göstərir. Azərbaycan qazının Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş ölkələrimiz arasında əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Rumıniya Azərbaycan qazını yalnız istehlak etməyəcək. Bu ölkənin imkanlarından istifadə olunaraq bir çox digər Avropa ölkələrinə də Azərbaycan qazı nəql ediləcək.
Azərbaycanın etibarlı enerji tərəfdaşı imicinin bundan sonra daha da möhkəmlənəcəyini qeyd edib: Artıq bütün Avropa ölkələri Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edirlər. İki il bundan öncə Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsinin uğurla icra edilməsi ilə Azərbaycanın təbii qazının Avropa bazarına tədarükünə başlanıldı. Bu gün Azərbaycan qaz ixracatını sürətlə artırır. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu artımın göstəricisidir. 2021-ci ildə 8,2 milyard kubmetr, 2022-ci ildə 11,4 milyard kubmetr təbii qaz Azərbaycandan Trans-Adriatik Boru Kəməri ilə Avropaya daxil olub. Buna paralel olaraq Azərbaycan hazırda yaşıl enerji istehsalı sahəsində çox önəmli addımlar atır. Ölkəmizin böyük yaşıl enerji potensialı Azərbaycanın Avropa üçün önəmini daha da artırır. Keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq və bu gün bu məsələlər bir daha müzakirə edilir.
Rusif Kərimov,
Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi