Azərbaycan-Macarıstan əlaqələri etibarlı tərəfdaşlıq əlaqələrinə, mehriban dostluq münasibətlərinə söykənir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında öz rolunu gücləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox uğurlu enerji siyasəti həyata keçirir. Dünyanın nüfuzlu dövlətləri Azərbaycanla enerji sahəsində fəal əməkdaşlıq edirlər. Bu, həyata keçirilən transmilli layihələrin reallaşmasında mühüm amildir. Azərbaycanın neft-qaz və enerji sektorunun inkişafı ölkəmizin iqtisadi yüksəlişinə töhfə verib, regional və qlobal əməkdaşlıq üçün əlavə imkanlar yaradıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən ölkəmizin enerji siyasəti dünya liderlərinin və ekspertlərin də ifadə etdiyi kimi, bu gün böyük xilaskarlıq missiyasını uğurla yerinə yetirir. Məhz bu siyasətin nəticəsidir ki, artıq Azərbaycan regionun enerji mərkəzinə çevrilib və reallaşdırdığı layihələrin dəyəri yüksək qiymətləndirilir. Avropanın üzləşdiyi enerji böhranının aradan qaldırılmasında mühüm rol oynayan ölkəmiz həm də etibarlı tərəfdaş kimi özündən bəhs etdirir.
Təbii ki, bu aspektdə Prezident İlham Əliyevin balanslaşdırılmış siyasəti və Azərbaycanda mövcud olan möhkəm sabitlik son dərəcə vacib amillərdəndir ki, ölkəmizin nüfuzunu yüksəldir, beynəlxalq mövqelərini gücləndirir. Azərbaycanın Avropa ölkələri ilə bir çox sahələri əhatə edən əlaqələri son illərdə intensivləşən qarşılıqlı səfərlər, keçirilən görüşlər, imzalanan sənədlərlə daha da möhkəmlənir və genişlənir. Bu baxımdan Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri hər iki ölkə üçün əhəmiyyətlidir, əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın dərinləşməsinə mühüm təsir göstərəcək. Bildiyimiz kimi, Macarıstanla dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq kontekstində inkişaf edən əlaqələrimiz siyasi və iqtisadi sahədə daha genişdir. Məlumdur ki, Macarıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasındadır. Ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olundu.
Həmçinin hər iki ölkənin iqtisadi potensialı, imzalan sənədlər bu sahədə əməkdaşlıqda geniş imkanlar açır. Macarıstan Azərbaycana 1,1 milyard ABŞ dolları məbləğində, Azərbaycan isə bu ölkəyə 18,1 milyon ABŞ dolları investisiya yatırıb. Macarıstan enerji sahəsində ölkəmizlə əməkdaşlığa üstünlük verir, Cənub Qaz Dəhlizinə qoşulmaq istədiyini bildirir. Xüsusi olaraq vurğulayım ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan-Macarıstan əlaqələri yüksək səviyyədədir. Tarixi köklərinə bağlı olan Macarıstan 2018-ci ildən Təşkilatda müşahidəçi kimi təmsil olunur və üzv ölkələrlə münasibətlərə böyük önəm verir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər ətrafında Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri yüksək dəyərləndirildi. Azərbaycan kimi dost və tərəfdaş ölkə ilə əməkdaşlıqdan məmnunluq ifadə olundu. Prezidentlər arasında keçirilən görüşdə ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Xüsusilə Macarıstanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə daim dəstək göstərdiyi, iki ölkə arasında qarşılıqlı hörmət və etimadın olduğu vurğulandı. Macarıstanın Cənubi Qafqaz regionu, həmçinin Xəzər dənizi hövzəsi və Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı xüsusi diqqətə çatdırıldı.
Azərbaycanın uğurlarının fonunda tərəfdaşlarının çoxluğunu böyük səmimiyyətlə bildirən Macarıstanın Baş naziri Viktor Orban onu da əlavə etdi ki, iki dövlət arasında dərin əməkdaşlığı yüksək dəyərləndirir və bu əlaqələr gələcəkdə də davam edəcək.Görüş zamanı əməkdaşlıq üçün digər vacib sahənin minatəmizləmə olduğunu qeyd edən dövlətimizin başçısı bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib. “Bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Ona görə bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük”. "Bizim əməkdaşlığımızın böyük hissəsi enerji məsələlərinə həsr olunsa da, təkcə bu məsələlərlə məhdudlaşmır. Biz, eyni zamanda, nəqliyyat sahəsində çox böyük planlarımızı həyata keçiririk" cənab Prezident bəyanatında bildirib. Dövlətimizin başçısı deyib ki, dəmir yolları vasitəsilə Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanılıb, bu layihənin böyük potensialı var, çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artıb. "Təkcə keçən il tranzit yüklərin həcmi 75 faiz artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu - istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir.
Ona görə Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, hesab edirəm ki, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər. Burada Avropa ölkələri ilə və xüsusilə bizim üçün Avropa İttifaqı arasında ən yaxın tərəfdaşlarımızdan biri olan Macarıstanla əməkdaşlıq üçün çox yaxşı imkanlar var", deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycan-Macarıstan əlaqələri etibarlı tərəfdaşlıq əlaqələrinə, mehriban dostluq münasibətlərinə söykənir. Prezident cənab İlham Əliyevin Macarıstan səfəri dostluq münasibətlərimizi daha da möhkəmləndirəcək və iki ölkə arasında əməkdaşlığa böyük töhfə verəcəkdir.
Müşfiq Qurbanov,
Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi