Oktyabrın 11-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclası keçirilib.
LEQAL.AZ xəbər verir ki, iclasda çıxış edən Qırğızıstan Prezidenti Sadır Japarov dedi:
-Hörmətli İlham Heydər oğlu, Sizinlə bu dəfə qonaqpərvər Qırğızıstan torpağında yenidən görüşməyimə çox şadam. Qırğızıstan-Azərbaycan qarşılıqlı əlaqələrinə dair məsələləri müzakirə etmək fürsətinə görə də şadam. Mən Azərbaycana səfərimi böyük məmnuniyyətlə xatırlayıram. Bu ilin aprelində mənə və nümayəndə heyətimizin üzvlərinə göstərdiyiniz qonaqpərvərliyə görə səmimi minnətdarlığımı bildirmək istəyirəm.
Biz Sizin dövlət səfərinizə olduqca böyük əhəmiyyət veririk. Çünki bu səfər bizim qardaş ölkələrimiz arasında əsl strateji tərəfdaşlıq münasibətlərini nümayiş etdirir. Bizim xalqlarımızın dostluğu zamanın və tarixin sınağından çıxmış uzunmüddətli etibarlı və səmimi münasibətlərə əsaslanır. Ölkələrimiz bu il Dostluq və əməkdaşlıq haqqında Müqavilənin 25 illiyini qeyd ediblər. Üç aydan sonra bizim yeni yubileyimiz – diplomatik münasibətlərin qurulmasının 30 illiyi olacaq. Biz bu tarixə yaxşı nəticələrlə yaxınlaşmışıq. Bizim əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Fərəhli haldır ki, dinamik şəkildə möhkəmlənən və genişlənən əlaqələr ölkələrimizin parlamentləri, hökumətləri və aidiyyəti qurumları arasında aktiv qarşılıqlı fəaliyyətlə nəticələnib. Aprel ayındakı bir sıra razılaşmalarımız hökumətlərarası birgə komissiyanın xətti ilə əməli surətdə həyata keçirilib, İşgüzar Şura yaradılıb, Heydər Əliyev adına, Nizami Gəncəvi adına məktəbləri, Qırğızıstan- Azərbaycan Dostluq Parkını birlikdə açacağıq. Əminəm ki, Sizin səfəriniz və Dövlətlərarası Şuranın iclasının keçirilməsi ikitərəfli münasibətlərə yeni təkan verəcək. Bu, bizim əməkdaşlığımızın siyasi, ticari-investisiya və mədəni-humanitar sahələrdə fəal inkişafının parlaq göstəricisidir. Xüsusilə vurğulamaq istərdim ki, Qırğızıstan qardaş Azərbaycanla sistemli və uzunmüddətli əməkdaşlıq əzmindədir və strateji sahələrdə ciddi qarşılıqlı fəaliyyətə hazırdır.
Hörmətli İlham Heydər oğlu, biz beynəlxalq təşkilatlarda da aktiv qarşılıqlı fəaliyyət göstərir və beynəlxalq strukturlara namizədliklərin irəli sürülməsi zamanı bir-birimizi dəstəkləyirik. Qırğızıstan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyinə həmişə tərəfdar olub. Biz Sizə ona görə minnətdarıq ki, Siz Qırğızıstanın bütün təşəbbüslərini beynəlxalq arenada dəstəkləyirsiniz. Bizim ölkələrimiz BMT, ATƏT, ŞƏT, TDT, İƏT və Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatlarda və strukturlarda aktiv qarşılıqlı fəaliyyət göstərir. Əminəm ki, əməkdaşlığımızın yüksək səviyyəsi uzunmüddətli olacaq.
Hörmətli İlham Heydər oğlu, Qırğızıstan-Azərbaycan qarşılıqlı fəaliyyətinin aktual məsələlərini müzakirə etməyə hazıram və sözü Sizə verirəm, buyurun.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev dedi:
-Çox sağ olun, cənab Prezident. İlk növbədə, qardaş Qırğızıstana dövlət səfərinə dəvətə görə təşəkkürümü bildirirəm. Həmçinin Sizin yarım il bundan əvvəl Azərbaycana səfərinizi məmnunluqla xatırlayıram. Münasibətlərimizin belə dinamikası ondan xəbər verir ki, biz qarşılıqlı əməkdaşlıq potensialını artırmaq əzmindəyik. Sizin Azərbaycana rəsmi səfəriniz zamanı ölkələrimiz arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bu Bəyannamə bizim əlaqələrimizi daha yüksək səviyyəyə qaldırıb. Əminəm ki, mənim səfərimin yekunlarına dair razılaşmalar əldə olunacaq və bu razılaşmalar bir çox sahələrdə əməkdaşlığın dərinləşməsinə kömək edəcək.
Siz bizim ölkələrin həm beynəlxalq arenada, həm də ticari-iqtisadi əlaqələr çərçivəsində əməkdaşlıq istiqamətlərini qeyd etdiniz. Düşünürəm ki, bu gün və sabah həm biz Sizinlə, həm də nümayəndə heyətlərinin üzvləri planlarımızı ətraflı müzakirə etmək və tərəfdaşlığın möhkəmləndirilməsi yollarını müəyyənləşdirmək fürsəti əldə edəcəyik. Mən əmtəə dövriyyəsinin rəqəmlərinə baxdım. Əlbəttə, onlar bizi məmnun edə bilməz. Lakin fikrimcə, bu, bizim nəzərdə tutduğumuz o planlardır ki, qısa zaman kəsiyində qarşılıqlı ticarətin həcmini artırmağa imkan verəcək. Azərbaycan, həmçinin Sizin ölkədə investisiya layihələrində maraqlıdır. Biz bu gün bunu da müzakirə edəcəyik.
Mən Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsinə ehtirama görə Sizə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bişkekin böyük məktəblərindən birinə onun adı verilib. Həmçinin qeyd etdiyiniz kimi, Qırğızıstan-Azərbaycan Dostluq Parkı, Nizami Gəncəvi adına məktəb açılacaq. Bizim əməkdaşlığımızın bütün bu əlamətdar anları, əlbəttə, Azərbaycan xalqının dərin minnətdarlığına səbəb olur və bizim münasibətlərin qardaşlıq xarakterini ifadə edir. Əminəm ki, biz bundan sonra da səmərəli əməkdaşlıq edəcəyik, ölkələrimiz arasında münasibətlər dinamik inkişaf edəcək.