Masallıda şəhid Niyaməddin Sultanzadənin xatirəsi əbədiləşdirilib

Masallıda şəhid Niyaməddin Sultanzadənin xatirəsi əbədiləşdirilib
  • Cəmiyyət

  • Masallı şəhərində Vətən müharibəsi şəhidi Niyaməddin Sultanzadənin xatirəsi əbədiləşdirilib.

    15 sentyabr 2022-ci il tarixdə Masallı şəhərində Vətən müharibəsi şəhidi Niyaməddin Sultanzadənin şərəfinə inşa olunan abidə-bulaq kompleksi istifadəyə verilib.

    Açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, YAP Masallı Rayon Təşkilatı və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri, jurnalistlər iştirak ediblər.

    Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda və Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qeyd edib ki, hələ keçən əsrin əvvəlindən yağı düşmənlərimiz olan ermənilərin başladığı xəyanət davam edir. Bu mübarizədə Masallı da çoxsaylı şəhidlər vermişdir. 27 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayanVətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda mübarizəyə könüllü bir gənc də qoşuldu. O, Niyaməddin Sultanzadə idi. Cəbrayıl və Füzuli rayonlarının erməni işğalçılarından təmizlənməsində şücaət göstərib. Noyabrın 6-da Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Bu tədbir bir əsgərin, bir şəhidin deyil, Azərbaycan torpaqlarının azad olunması üçün canını qurbam verən bütün şəhidlərimizə həsr edilir, deyə Masallının rəhbəri Araz Əhmədov bildirib. Yaşasın Azərbaycan!

    Sonra tədbirdə çıxış edənlər abidə-bulaq kompleksinin layihəsinin təşkilatçısı Mirfəyyaz Nağıyev, şəhid Niyaməddin Sultanzadənin anası Mehriban Sultanova və başqaları 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı tarixi Qələbədən söz açıblar. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz qanları, canları bahasına torpaqlarımızı azad ediblər. Bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq.

    Natiqlər həmçinin Niyaməddin Sultanzadənin keçdiyi döyüş yolundan, onda olan yüksək vətənpərvərlik hissindən danışıblar. Bildirilib ki, şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.

    Araz Əhmədov və tədbir iştirakçıları 2005-2016-cı ildəillərdə Niyaməddin Sultanzadənin təhsil aldığı Masallı şəhər şəhid R.Əlihəsənov adına 1 nömrəli tam orta məktəbində oldu, yeni ilin ilk tədris ilində məktəblilərə uğurlar arzuladı.

    Qeyd etmək yerinə düşər ki, Niyaməddin Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin ikinci kurs tələbəsi idi. 10 oktyabr 2018-ci il tarixindən 3 saylı Regional Su Kanal İdarəsinin Masallı su kanal sahəsində xlorator su təmizləyici qurğularının operator peşəsi üzrə çalışırdı. Subay idi...

    www.leqal.az




    PAYLAŞ:

    Oxşar xəbərlər