“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclərvəİdman Nazirliyinin dəstəyi, Coca-Cola Fonduvə “Global Water Challenge” nəzdində fəaliyyət göstərən “New World” Proqramının tərəfdaşlığı ilə Milli Debat Proqramı çərçivəsində "Bakı Gənclər Debat Forumu: Qış, 2021"-in final və bağlanış mərasimi keçirilib.
Tədbirdə Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin prorektorları, təşkilat rəhbərləri və 300-dək tələbənin iştirak edib.
Tədbirin salamlama nitqini Debat Foruma ev sahibliyi edən Azərbaycan Tibb Universitetinin prorektoru Sabir Əliyev edərək qonaqları salamlayıb və Forumun gedişatına uğurlar arzulayıb.
Açılış nitqini edən “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova debatın gənclərin inkişafındakı rolu, debat vasitəsilə yaradılan intellektual mühit, burada qazanılan yeni bilik və bacarıqların vacibliyi, təşkilatın dövlət gənclər siyasətinin bir parçası kimi 23 il ərzində gördüyü işlər, həyata keçirdiyi layihələrin mahiyyəti və “Bakı Gənclər Debat Forumu: Qış 2021” barədə danışıb.
Tədbirdə çıxış edən Gənclər və idman nazirinin müavini İndira Hacıyeva “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin ənənəvi olaraq həyata keçirdiyi debat forumların önəmini və bundan sonra da təşkilatın fəaliyyətinin dəstəklənəcəyini vurğulayıb. Qeyd edib ki, gənclər debat vasitəsi ilə natiqlik sənətinə, inandırmaq və əsaslandırmaq bacarığına yiyələnir, özlərində tənqidi təfəkkürü inkişaf etdirir, cəmiyyətimiz üçün aktual mövzuları fərqli baxışlardan təhlil edir, bununla da Azərbaycanın gənclər siyasətində fəal iştirak edirlər.
Tədbirin rəsmi hissəsində Milli Məclisin deputatları Vüqar İsgəndərov, Cəbi Quliyev, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov da çıxış edib və təşkilatın fəaliyyəti, debatların və natiqliyin vacibliyini, seçilən mövzuların gənclərin məlumatlılığını artırdığını və inkişafına verdiyi töhfə barədə danışıblar.
“Dövlətlərin qlobal su böhranının həlli istiqamətində atdığı addımlar özünü doğruldur” mövzusunda Forum çərçivəsində qış mövsümü ərzində qrup və seçmə oyunları keçirilib, Azərbaycan və Rus bölməsi üzrə 16 ali təhsil müəssisəsinin debat klublarının natiqlərindən ibarət 36 komanda iştirakedib. 2 gün ərzində davam edən Forumda ümumilikdə isə 45 hakim iştirak edib, 78 debat oyunu keçirilib, 300-dən artıq gənc maariflənib.
“Bakı Gənclər Debat Forumu”-nun qış mövsümünün final mərhələsində Azərbaycan dili bölməsi üzrə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Hər ehtimala qarşı” və Azərbaycan Tibb Universitetinin “Corona Mortis” komandaları, rus bölməsi üzrə isə rus bölməsi üzrə Bakı Dövlət Universiteti “Katyuşa BQU” və Azərbaycan Dillər Universitetinin “Flatwhite” komandaları yarışıb.
Debat hakimlərinin nəticələrinə əsasən azərbaycan bölməsi üzrə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Hər ehtimala qarşı”, rus bölməsi üzrə Bakı Dövlət Universiteti “Katyuşa BQU” komandaları qalib elan olunublar.
Forumun hər iki bölmə üzrə natiqliyi ilə seçilən ümumilikdə ən yaxşı 20 natiqi də müəyyən olub. Belə ki, azərbaycan bölməsi üzrə Debat Forumun ən yaxşı birinci natiqi Azərbaycan Tibb Universitetinin tələbəsi Yunis Məmmədli (62.2 bal), rus bölməsi üzrə isə Bakı Dövlət Universitetinin tələbəsi Ləman Mehrəliyeva (61.2 bal) olub.
Tədbirdə təşkilatın fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub və ən yaxşı natiqlər, finalçılar, qaliblər mükafatlandırılıb.
Qeyd edək ki, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin aparıcı və ən kütləvi proqramlarından biri olan “Milli Debat Proqramı” Respublikanın 45 rayonu və böyük şəhərlərini əhatə etməklə, Bakı şəhəri və 13 regional nümayəndəlik, 60-dan çox debat klubu özündə birləşdirir. Bu günə qədər Milli Debat Proqramı çərçivəsində həyata keçirilən layihə, tədbirlərdə 50.000-dən artıq gənc iştirak etmiş, maariflənmişdir.
"LEQAL.AZ"