Media sahəsində həyata keçirilən islahatlar mahiyyət etibarilə özündə media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsasları, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı, yayımı və s. dair məsələlərin daha təkmil formada həll edilməsinə yönəlmiş tədbirləri ehtiva edir.
"Leqal"ın xəbərinə görə, bu fikirlər Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun “Media islahatları: yeni hədəflərə doğru” məqaləsində yer alıb.
Onun sözlərinə görə, bura normativ hüquqi bazanın yenilənməsi və təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması, həmçinin media sahəsində institusional islahatların həyata keçirilməsi aid edilə bilər:
“Bu mənada yeni qanunun qəbul edilməsi hazırda son dərəcə aktualdır və əminliklə demək olar ki, zərurətə çevrilmişdir. Bu qanun peşəkar media subyektləri və jurnalistlər üçün geniş imkanlar və potensial güzəşt və imtiyazlar üçün hüquqi əsas yaradacaq, ölkə mediasının daha yüksək inkişaf mərhələsinə keçidinə dəstək olacaqdır. Lakin unudulmamalıdır ki, media bir prosesdir və həmin prosesdə media subyektləri və jurnalistlər iştirakçıların yalnız bir qrupu – xəbərin, media məhsulunun istehsalçısıdırlar. Onlarla yanaşı həmin prosesdə bu media məhsullarının istehlakçıları – auditoriya, yəni qəzet və sayt oxucuları, televiziya tamaşaçıları, radio dinləyiciləri və s. da iştirak edir. Yeni qanun layihəsi hazırlanarkən Azərbaycan Respublikasının Konstitusiyası, qanunvericilik bazası, beynəlxalq qanunvericilik və müxtəlif digər sənədlər nəzərə alınmışdır. Məsələn, Avropa Şurasının “Jurnalistika Etikası” ilə bağlı qəbul etdiyi Qətnamənin müddəalarına uyğun olaraq yeni layihədə bütün tərəflərin, o cümlədən media məhsulu islehlakçısının da maraqları nəzərə alınmış, onların hüquqlarının qorunması təmin edilib”.
“Hələ Milli Məclisə təqdim edilənədək qanun layihəsinin onlarla media subyektində təqdimatı olmuş və yüzlərlə (800-ə yaxın) jurnalistin iştirakı ilə müzakirəsi həyata keçirilmişdir. Medianın İnkişafı Agentliyi və Milli Televiziya və Radio Şurası tərəfindən layihə ilə əlaqədar bütün suallara və qaranlıq məqamlara aydınlıq gətirilməsi məqsədilə ictimaiyyətlə effektiv kommunikasiya qurulmuşdur və maraq doğuran məqamlara operativ və ətraflı izahlar verilməkdədir.
Bundan əlavə, hazırda ölkədə media sahəsinə dair qanunvericiliyin təkmilləşdirilməsi, ifadə azadlığının daha çox təmin edilməsi istiqamətində müvafiq iş davam etdirilir, qanunvericilikdə mövcud olan bəzi tələblərin yumşaldılması imkanları təhlil edilir” -, deyə Ə.İsmayılov qeyd edir. /oxu.az