Tovuz bağbanları iş başında

Tovuz bağbanları iş başında
  • Cəmiyyət

  • Qərb bölgəsində son zamanlar fermerlər bağlarda meyvə ağaclarının calaq vurulmasına daha çox maraq göstərirlər. Hazırda calaqvurma dövrü olmasa da, avqust-sentyabr aylarında aparılan bu prosesdən sonra indi ağac əkimi zamanıdır.

    Azərtac xəbər verir ki, meyvə ağaclarının peyvəndlənməsinə bağbanların marağı getdikcə artmaqdadır. Bunun üçün onlar aqrotexniki qulluqla bərabər, sortların yenilənməsinə, yəni calaq olunmasına da maraq göstərirlər. Calaq işi ilk növbədə vaxtında aparılmalıdır. Calaq ağac növlərini yaxşılaşdırmaq, daha yaxşı meyvə növləri əldə etmək üçün edilir. Çünki bağlarda əkilən bir meyvə fidanı calaq olmadıqda yabanı (cır) olur və bol məhsul meyvə vermir. Calaqvurmanın bir başqa məqsədi də, fərqli, müxtəlif meyvələr əldə edə bilməkdir.


    Bu işlə məşğul olan 26 yaşlı gənc bağban Şəhriyar Məmmədov bağında minlərlə məhsuldar növ ağac tingi yetişdirib satışını həyata keçirir. “Noyabrın 15-dən yanvara qədər ağac basdırılsa, daha məqsədəuyğundur. Belə vaxtlar əkildikdə daha tez inkişaf edir, məhsuldar olur. Ting alanlara tövsiyələrimizi də veririk. Hansı gübrədən istifadə etmək lazımdır, nə vaxt suvarılmalıdır, izah edirik”, – deyə Şəhriyar Məmmədov bildirib.


    Tinglərin becərildiyi bağda albalı, gilas, alça, gavalı, ərik, şaftalı və digər meyvələrin hamısının calağına rast gəlmək olur. Son vaxtlar fermerlərin bağçılıq sahəsinə marağı artdığından calaq tingləri alanlar da çoxdur. Belə calaq bağlarında ilk növbədə iş hər bir peyvəndin özünün cır toxumları səpilməklə başlanır. Daha sonra peyvəndlənir, qulluq edilir, müəyyən vaxtdan sonra isə satışa tam hazır olur.


    Qocaman bağban, calaq ustası Şahmar Məmmədəliyev isə deyir ki, calaq may, avqust və sentyabr aylarında vurulur. “Yayda əsasən armud və alma ağacları calaq olunur. Həmin dövrdə digər meyvə ağaclarının da calağını vurmaq olar. Bizdə hazırda bağda çətinlik yoxdur. Bağın suvarılmasına, ağaclara vaxtında qulluq göstərilməsinə diqqət etdikdə yaxşı nəticəyə nail olmaq olar”, - deyə Ş.Məmmədəliyev əlavə edib.


    Son illər calaq ağaclarına maraq artığından mövsüm vaxtı belə bağlardan 1000-2000 ədəd ağac satılır. O ki qaldı, calaqlı ağacın satış qiymətinə, fermerlər əsasən tingin neçə illik olmasından asılı olaraq, 3-4 manatdan satışını həyata keçirir. Lakin bahalı ağaclar da var, məsələn “cır tut”un calağı alıcılara 20 manata təklif edilir.

    PAYLAŞ:

    Oxşar xəbərlər