Akif Ağayev: MASALLI: “Google” departament müdiri Ərkivanda – doğma məktəbdə
Dünyaca məşhur informasiya texnologiyaları şirkətində çalışan həmvətənimiz – Rüstəm Həşimov
Masallı rayonunun şəhid Əlvan Bağırov adına Ərkivan qəsəbə 4 saylı tam orta məktəbində, adı çəkilən təhsil ocağının məzunu, dünyanın ən nüfuzlu şirkətlərindən olan “Google”də (ABŞ) məsul vəzifədə işləyən Rüstəm Həşimovla görüş keçirilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Məmmədağa Sadıqov ölkədə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan danışıb, şagirdlərə fəxri qonaq haqqında məlumat verib.
Bildirilib ki, Rüstəm Rəsul oğlu Həşimov 13 dekabr 1990-cı ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 1996-cı ildə Ə.Bağırov adına Həsənəküçə tam orta məktəbinə gedib, təhsilini Lənkəran liseyində (2002-2007) davam etdirib. Sonra Ankaranın Orta Şərq Texniki Universitetində (2007-2012) kompüter mühəndisliyi üzrə təhsil alıb.
Tələbə ikən üç ay “Microsoft” şirkətinin baş ofisində təcrübəçi kimi çalışdıqdan sonra – 2013-cü ildən daimi iş təklifi alıb. Türkiyəyə qayıdıb universitet təhsilini başa vurandan sonra Amerika Birləşmiş Ştatlarına köçüb. Bir müddət “Microsoft”da (Vaşinqton ştatının Sietl şəhərində) işlədikdən sonra “Facebook”da (2017-ci ildən, Nyu-York şəhərində) çalışmağa başlayıb – proqram təminatı üzrə baş mühəndis vəzifəsinə yüksəlib. Hazırda “Google”də (Kaliforniya ştatının San Fransisko şəhərində) Bulud texnologiyaları departamentində şöbə müdiri işləyir.
Qeyd edək ki, Bakıda 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransında (4-7 dekabr, 2018-ci il) Rüstəm Həşimovun “Onlayn platformalarda individual tövsiyə sistemləri: Müasir dövrdə proqram təminatının işlənib hazırlanması və onun nəticələri üzrə praktiki nümunənin araşdırılması” məruzəsi dinlənilib.
“Yeni həyat” (Masallı) qəzetinin əməkdaşı Akif Ağayev, məktəbin direktor müavini Vamiq Məmmədov, müəllimlər Mehman Məmmədov, Ədalət Ağayev, kitabxana işçisi Aynurə Əliyeva təhsil ocaqlarında təşkil olunan bu cür görüşlərin şagirdlərin elmə olan marağının artırılmasında, xüsusən müasir texnoloji biliklərin məktəblilərə aşılanmasında əhəmiyyətindən danışıb, dünyanın müxtəlif ölkələrində yaşayan və bir çox nailiyyətlər əldə etmiş Rüstəm kimi gənclərimizlə fəxr etdiklərini vurğulayıblar.
Tədbirə onlayn şəkildə qatılan Ərkivan qəsəbə 3 saylı tam orta məktəbin məzunu, ABŞ-da yaşayan riyaziyyat elmləri doktoru, professor Tural Sadıqov Rüstəmi alicənab, yüksək potensiala malik, bacarıqlı gənc mütəxəssis kimi dəyərləndirib.
Gənc həmvətənimiz Rüstəm Həşimov karyera və təhsildə uğur qazanmağın sirrlərini məktəblilərlə bölüşüb, onları maraqlandıran sualları cavablandırıb.
Görüşdən böyük məmnunluqla ayrılan iştirakçılarla xatirə şəkilləri çəkilib.
Akif VAQİFOĞLU,
jurnalist-publisist,
Masallı.