Mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsinə başlanılıb. Hansı ki, bu torpaqlar vaxtı ilə sovxoz və kolxozların balansında olub, 1996-cı ildə aparılan torpaq islahatı çərçivəsində yerli icra hakimiyyəti orqanlarının qərarı ilə təsdiqlənmiş siyahılar əsasında əhaliyə paylanılıb. Bir çoxları torpaqlardan uzun illərdir istifadə etsə də, müəyyən səbəblərdən sənədləşdirməyib, nəticədə xüsusilə subsidiyaların verilməsi zamanı problemlər meydana çıxıb.
Virtualaz.org xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsinə başlayıb. Artıq Beyləqan, İmişli, Bərdə, Saatlı, Ağsu, Kürdəmir, Şamaxı, Qax, Yardımlı, Ağstafa, Sabirabad və Neftçalada mülkiyyət sənədləri almamış vətəndaşlar ödənişsiz şəkildə, yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə pay torpaqlarına dair çıxarış üçün qeydiyyat xidmətlərindən yararlanıblar. Proses Prezident İlham Əliyevin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” bu ilin oktyabrda verdiyi fərman çərçivəsində həyata keçirilir. Fərman ümumilikdə, 3 il müddətində 50 minə yaxın ailənin mülkiyyət sənədləri ilə təmin edilməmiş torpaq paylarının dövlət vəsaiti hesabına sənədləşdirilməsini nəzərdə tutur.
Həmçinin, 2025-ci il yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək, digər sənədlər subsidiya almaq üçün əsas sayılmayacaq.
Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev virtualaz.org-a bildirib ki, 1996-cı ildə torpaq islahatları zamanı kolxoz və sovxozların torpaqları həmin ərazidə yaşayan ailələrə bölünməklə pay torpaqları kimi verilib. İslahatlar sürətlə aparıldığından, bəzi hallarda, kəndlər üzrə təxminən hesablara görə, 50 min istehsalçı mülkiyyət sənədini əldə edə bilməyib.
Firudin Tağıyev
“Bunun da müəyyən səbəbləri var. Bəzən mülkiyyətçilər bölgü ilə razılaşmayıblar, yaxud da torpaq sənədi yerlə uyğun olmayıb. Nəticədə mülkiyyətçilərin bir qismi heç sənəd əldə etməyib, bir qisminə isə o zaman texniki sənəd verilib. Texniki sənəd isə mülkiyyət formasını təsdiq etmir, torpaq üstündə məsuliyyət yaratmır”, - şöbə müdiri deyib.
Subsidiyalar verilən zaman bir çoxlarının sənəd təqdim edə bilməməsi narazılıqlar yaradıb. F.Tağıyevin sözlərinə görə, Elektron Kənd Təsərrüfatı Sisteminin tətbiqindən sonra narazılıqlar daha qabarıq şəkildə özünü göstərməyə başlayıb: “Biz müəyyən etdik ki, faktiki əkin aparmasına baxmayaraq subsidiya əldə edə bilməyənlər var. Buna görə hökumətə təkliflər hazırlandı. Prezident fərman verdi və bu fərman fermerlərə növbəti tövfə oldu. Fərmanla indiyədək mülkiyyət hüquqlarını rəsmiləşdirə bilməyənlər dövlət hesabına, yəni rüsum və ya digər ödənişlər etmədən sənədləri əldə edə biləcəklər”.
Qeyd edək ki, mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi üzrə İqtisadiyyat Nazirliyinə tapşırıqlar verilib. Kənd Təsərrüfatı Nazirliyi isə fermerləri maarifləndirməklə məşğul olmalıdır. Eyni zamanda, Asan Xidmətə də xüsusi tapşırıqlar verilib.
Şöbə müdiri deyib ki, hələlik sənəd almayan vətəndaşlara əkinlərini bəyan etmələri üçün gələn ilin mayın 31-nə kimi vaxt verilib, onlar sənədlərini təqdim etməklə subsidiyalarını mütəmadi qaydada ala biləcəklər.
“Fermerlər bilməlidirlər ki, “Göy sənəd” torpaq sahəsinin kadastr planıdır. Bu sənəd hüquqi qüvvə daşımır, texniki sənəddir. Yəni subsidiya alınması üçün bu sənədin bir hüquqi qüvvəsi yoxdur”, - nazirlik əməkdaşı qeyd edib.
Qeyd edək ki, torpaq islahatı nəticəsində 860 mindən artıq ailə torpaq payı alıb, təxminən 50 min ailə isə mülkiyyət hüququ ala bilməyib./Virtual.org
LEQAL.AZ