“Media haqqında” qanunun parlamentə təqdim edilməsi zəruridir. Ulu öndər bir neçə qərar vermiş oldu, onlardan biri də senzuranın ləğv edilməsidir”.
“Leqal” xəbər verir ki, bunu deputat Vahid Əhmədov parlamentdə "Media haqqında" qanunun müzakirəsində çıxış edərkən deyib.
O, çıxışında informasiya əldə etmək hüququndan danışıb: “Rəhmətlik ulu öndərə kim yaxınlaşırdısa, həmişə cavab verərdi. İmkan yaradırdı ki, mətbuat azad olsun. 44 günlük müharibədə medianın ağırlığını İlham Əliyev öz üzərinə götürdü. Belə götürəndə Azərbaycan mediası da müəyyən iş gördü. Qanundakı maddələr ətrafında müəyyən mübahisələr etmək olar.
Biz istəyirik ki, jurnalistlər azad olsun, istədiyi şəxsdən informasiya ala bilsin. Bunun üçün də əsas məsələ medianın maliyyələşməsidir. Bu da reklamla bağlıdır. Reklam və maliyyələşmə məsələsi bu qanunda öz əksini tapmalıdır. Medianın dövlət tərəfindən maliyyələşdirilməsi öz effektini vermir.
Jurnalistlər də şikayətlənirlər ki, reket jurnalistlər çoxalıb. Əlbəttə çoxalıb. Çünki onları saxlayan nazirlər, məmurlar var. Mən media rəhbərlərinin ali təhsilli olmasının tərəfdarıyam, amma jurnalistlərin ali təhsil məsələsi şərt olmalı deyil”.
Deputat Fazil Mustafa isə deyib ki, media reyestri tapılmış ən uğurlu variantdır: “Bu reyestrdə jurnalistlər qeydiyyatdan keçməlidir”.
Millət vəkili təklif edib ki, media reyestrinə daxil olmağın şərtləri yüngülləşdirilməlidir: “Ali təhsil, əmək kitabçası məsələsi şərt olmamalıdır. Azərbaycan Beynəlxalq Universitetini bitirən tələbələr var. Onlar diplomlarını ala bilməyiblər"./qafqazinfo