““Media haqqında” qanun layihəsində nəinki əmək müqaviləsi ilə işləyən jurnalistlərimiz, eyni zamanda müstəqil jurnalistlərimiz də jurnalist hesab olunurlar. “Jurnalistlər məhz media reyestrində olmalıdırmı?” məsələsinə gəlincə isə qeyd edim ki, bu məsələ məcburi deyil”.
“Leqal” xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov İctimai TV-nin efirində deyib.
O qeyd edib ki, sosial mediada da bu suallarla rastlaşıb: “Bir daha bəyan edirəm ki, jurnalist olmaq üçün media reyestrində olmaq məcburi deyil. Bu məsələ könüllü xarakter daşıyır. Jurnalistin özü qərar verəcək ki, o reyestrdə olmaq istəyir, ya yox. Buna jurnalistin müraciəti əsasında baxılacaq. Bununla bağlı məsələ birmənalı olaraq qanun layihəsində öz əksini tapıb”./qafqazinfo