Torpaq-uğrunda ölən varsa Vətəndir. Ötən il sentyabrın 27-də başlanan Qarabağ uğrunda Vətən müharibəsi Azərbaycan gəncliyinin nəyə qadir olduğunu dünyaya göstərdi. Vətən üçün ölümün gözünə dik baxıb düşmənə arxa çevirməyən gənclərimiz ya Qarabağ, ya şəhidlik deyib sinələrini sipər etdilər. Müharibələrin tarixinə yazılmamış tarix yazdılar. 44 gündə erməıni faşistlərinə qan uddurdular. Bu qanlı döyüşlərdə iki mahmudavarlı da şəhidlik zirvəsinə ucaldı.
Şəhidlər isə heç vaxt unudulmur. Mahmudavarlı xeyriyyəçilər Qarabağ uğrunda şəhidliyi qəbul edən ərazinin 13 şəhidinə və Böyük Vətən müharibəsində həlak olan 123 həmkəndlisinə möhtəşəm abidə ucaltdılar. Bu gün abidənin önündə həmişə qələbəlik var. Şəhidlərin məzarları kimi abidənin önü də həmişə gül-çiçək dəstələri ilə doludur. Mahmudavarlı gənclər yaxşı ənənəyə imza atıblar: yeni ailə həyatı quranlar mağara girməmişdən əvvəl şəhidlərin abidəsini ziyarət edir, onlar kimi Vətəni sevəcəklərinə, gələcək övladlarını bu ruhda böyüdəcəklərinə, ömürlərinin sonuna kimi bir-birlərinə sədaqətli olacaqlarına and içirlər.
Bu günlərdə mahmudavarlı gənclər-Bağırov Zamin Vasif oğlu və Kərimova Pərişan Vüqar qızı şəhidlər abidəsinə gələrək, burada vəfa, sədaqət, Vətənə məhəbbət andı içmiş, önünə tər çiçək dəstələri düzmüşlər. Gənclərin andiçmə mərasimində kənd rəhbərləri, ziyalılar, ağsaqqallar, gənclər iştirak etmişlər.
Ümid edirik ki, rayonumuzun bütün kəndlərində bu gözəl, şəhidlərin ölməz ruhuna ehtiram bəslənən, gənclərin vətənpərvərlik ruhunu yüksəldən ənənə davam etdiriləcək.
HƏSƏNAĞA ƏLİYEV,
“Yeni həyat” qəzetinin məsul katibi.