Qurucu insanlar heç vaxt unudulmur (Esse)

Qurucu insanlar heç vaxt unudulmur (Esse)
  • Cəmiyyət

  • Həmişə millətin təəssübünü çəkən, imkansız adamlara əlindən gələn köməkliklər eləyən dostum Allahqulu Nəcəfqulu oğlu Zeynalovun 2011-ci ilin mart ayının 12-də haqq dünyasına qovuşması,həyatdan vaxtsız getməsi təkcə mənə yox, onu tanıyan minlərlə insana çox pis təsir etdi. Dünyasını dəyişməsindən 10 il keçsə də, hələ də heç kim onun cismani yoxluğu ilə barışa bilmir…

    Ümumiyyətlə, yaxşı insanların bu dünyadan vaxtından tez köçməsi hamıya pis təsir edir və hər kəsi göyüm-göyüm göynədir... Həm də dünyanın pərsəngini pozur. Haqq-ədalətin qorunmasına təsir edir...

    Yadımdadır ki, 58 il ömür sürmüş uşaqlıq dostum Allahqulunun dünyasını dəyişdiyi 40 gün müddətində gördüyü böyük işləri yazıya köçürmək istəsəm də, bu mənə müyəssər olmadı. Çünki hər dəfə fikirlərimi toplayıb kompüter qarşısında əyləşəndə yazmağa çətinlik çəkirdim. İstədiyim, beynimdə olan fikirləri yazıya köçürə bilmirdim. Onunla bağlı epizodlar, illərlə kəsdiyimiz duz-çörək, dostluq, qohumluq əlaqələrimiz yada düşəndə və bundan sonra Masallıya gedəndə daha onunla görüşə bilməyəcəyimin reallığını biləndə kövrəlirdim... Nəhayət ki, ölümündən 3 ay keçəndən sonra Allahqulu ilə bağlı çəkilən şəkillərə və onun yaratdığı əbədiyaşar əsərlərə baxanda, nələri yazacağımı düşünə bildim… Həmin vaxt dostum haqqında bir elegiya yazdım. Son günlər həmin elegiyanı təkrar oxuyanda gördüm ki, deyəcəyim sözlər, fikirlər daha çoxdur. Məhz bu səbəbdən aşağıdakı esse yarandı.

    Allahqulunun çətin və mənalı ömür yolu

    Zeynalovlar nəsli təkcə Seybətin kəndində yox, Masallıda həmişə sayılıb-seçilən nəsillərdən biri kimi tanınıb. Allahqulunun böyük əmisi Sadıq kişi Böyük Vətən Müharibəsində igidliklər göstərib, Vətənə qayıdanda Masallıda ağsaqqal kimi tanınırdı və çoxlu insan müşkül işlərə düşdüyü zaman ona müraciət edirdi. Sadıq kişi də çox böyük səbrlə onlara lazım olan bütün köməklikləri edirdi. Allahqulunun atası Nəcəfqulu kişi zəhmətkeş insan olmaqla, övladlarını da bu ruhda tərbiyə edirdi. Kiçik əmisi Məhərrəm müəllim 5 kəndi birləşdirən (Masallı, Seybətin, Digah, Dadva və İsgəndərli) Nizami adına sovxozun baş baytarı olmaqla, həm də yüksək mütəxəssis kimi sayılıb-seçilirdi. Həm də cavanlara çox yaxşı məsləhətlər verir, həyatda öz yerlərini tapmaqda böyük köməkliklər edirdi. Seybətin kəndi ilə Digah demək olar ki, bir-birinə sıx olduğundan bu kəndlərdə yaşayan insanlar bir-birini yaxşı tanıyır və bir-birilə çoxlu qohumluq əlaqəsi də yaradırdılar. Bizim nəsil də Zenyalovlar nəsli ilə qohum idi. Belə ki, onun kiçik qardaşı Rahim mənim qardaşım qızı Mehparə xanımla ailə qurmuşdu.

    Baxmayaraq ki, Allahqulu məndən 3 yaş balaca idi, amma uşaqlıq illərimiz birgə keçirdi. Həddindən artıq zəhmətkeş oğlan olan Allahqulu həmyaşıdları kimi idman oyunlarına, boş-bekar gəzməyə az vaxt ayırırdı. O, əsasən atasına çox köməklik edir, özlərinin at arabasında atası ilə birlikdə Muğan kəndlərindən taxıl, un gətirib satırdılar. Çünki o zaman taxıl, un çox qıt olduğundan adamlar məcbur olub unu, taxılı baha qiymətə mağazalardan yox, belə formada gətirənlərdən ucuz qiymətə alırdılar. Beləliklə, Allahqulu yavaş-yavaş ticarətə alışır və araba ilə təkcə taxıl, un yox, həm də mövsümi meyvələr gətirib satırdı. O elə bil artıq özünün ağlı, diribaşlığı ilə hər kəsdən seçilirdi. Həm də vaxt tapan kimi idmanın klassik güləş növü ilə məşğul olur və təkcə həmyaşıdlarına yox, hətta özündən yaşca böyüklərə də qalib gəlirdi. Hamımız onun gələcəkdə çox məşhur güləşçi olacağına ümid edirdik. O, az bir vaxtda respublika yarışlarında iştirak edib fəxri yerlər tutdu və birinci dərəcəli güləşçi oldu. Bakıda Bədən Tərbiyəsi texnikumunu bitirdi.

    Onda yüksək fərasət olduğundan o, nədən necə pul çıxarmağı yaxşı bilirdi. Ticarətin yollarını öyrəndiyindən qardaşları ilə birlikdə əmisi uşaqlarını da bu işə cəlb etmişdi. Onlar da bu işdə ona kömək etməklə özlərinə pul qazanırdılar. Həmin vaxtlarda Sovetlər Birliyi artıq dağılmışdı və respublikda xaos hökm sürürdü. Diribaş, həyatın nəbzini dəqiq tutan adamlar bu xaos dövründən özləri üçün lazım olan kimi istifadə edirdilər. Bu adamların içərisində uzaqgörənlər, əsl sahibkarlar, iş adamları qazandıqları pullarını yeni müəssisələr tikməyə və insanlar üçün təzə iş yerləri açmağa sərf edirdilər.

    Qurucu insanlar heç vaxt unudulmur

    Tarix boyu sübut olunmuş bir həqiqətdir ki, insan təkcə dünyaya gətirdiyi yaxşı övladları ilə yox, tikdirdiyi, qurduğu böyük işlərlə, quruculuqla da yaddaşlarda əbədi qalır. Gəlin, keçmişimizə nəzər salaq. Bayıl qalasını, Qız qalasını, Şirvanşahlar sarayını, Atəşgahı, Ramana qalasını, Mərdəkan qalasını, Xudafərin körpüsünü, Möminə Xatun türbəsini, Bəzz qalasını, Ərk qalasını, Cavanşir qalasını və digər belə qalaları, türbələri tikən və tikdirən insanları xatırlayaq. Hacı Zeynalabdin Tağıyevin, Musa Nağıyevin və bir çox varlı, imkanlı adamlarımızın tikdirib bizim üçün yadigar qoyduğu möhtəşəm binaları yada salaq. Əsrlər, qərinələr keçsə də bu xeyirxah işləri görən insanlar heç vaxt unudulmur və onlara həmişə Ulu Tanrıdan rəhmət dilənilir. Allahqulu Zeynalov da təkcə Masallıda yox, həm də respublikada tanınmış iş adamı, sahibkar olmaqla bərabər, həm də qurucu, yenilikçi insan kimi hamı tərəfindən sevilirdi və qəbul olunurdu. Çünki o, bir-birindən yaraşıqlı yeni binalar tikdirməyi, heç kimin fikirləşmədiyi yeni formalı iş yerləri açmağı və bu yolla da adamlara köməklik etməyi çox xoşlayırdı. “Ot kökü üstündə bitər”, – deyib, atalar. Övladları Nadir və Qadir də atalarının bu xeyirxah yolunu hələ onun sağlığından uğurla davam etdirirdilər. Bu gün də həmin xeyirxah işlə məşğuldurlar və insanlar üçün yeni-yeni iş yerləri açırlar. Dövlətimizin, ölkə başçımızın uğurlu siyasətini dəstəkləyirlər.

    Bu gün Masallı rayonunda və rayonun Seybətin kəndində Allahqulu Zeynalovun inşa etdiyi çox yaraşıqlı, Avropa standartlarına cavab verən tikililəri rayon camaatına xidmət edir. Bu obyektlərdə xeyli insanlar işləyir, öz ailələrini dolandırırlar.

    Allahqulunun ən böyük arzularından biri oğlu Nadirin ideyası olan “LANUR” şadlıq sarayının tikilib sona yetməsini, açılışını görmək idi. Bu sarayın açılışı 2011-ci ilin may ayının sonunda oldu. Əfsus ki, əziz dostum bu şadlıq sarayının açılışını görə bilmədi. Amma həmin günü çox səbirsizliklə gözləyirdi Allahqulu. Özü də gecə-gündüz gedən işlərlə yaxından tanış olur və bəzən xəstəliyinə baxmayaraq, burada işləyənlərə maraqlı məsləhət verirdi. Mən Masallıya gedəndə çox vaxt onu elə bu şadlıq sarayı tikilən yerdə görürdüm. Hətta o, xəstə olmasına baxmayaraq, ustalara, fəhlələrə köməklik edirdi. O, idman müəllimi, yaxşı güləşçi olmaqla bərabər, həm də yaxşı sənətkar idi. Daş, dəmir işini, mühəndisliyi çox yaxşı bacarırdı və cavanlıq illərində bu işlərlə də məşğul olmuşdu. Ona görə də istəyirdi ki, həmin şadlıq sarayı çox möhtəşəm olsun və gələcək nəsillərə bir sənət nümunəsi kimi yadigar qalsın. İnsanlar bu şadlıq sarayından bəhrələnsinlər.

    Onun ideyası, məşəqqətli illəri ilə qurub-yaradılan bütün işlərin sırasında ən böyük şah əsəri sayılan isə mənim fikrimcə,“Yanardağ” Yeni İsti Su Müalicəvi Sanatoriyasıdır. Onun bu əbədiyaşar əsəri 10 ildən artıq çəkdiyi ağır zəhməti hesabına ərsəyə gəlmişdi. Allahqulu Zeynalov bu müalicəvi sanatoriyaya tədqiqatçı həkim-alim, tibb elmləri namizədi, şair-bəstəkar Mir Kazım Aslanlı-Sarəngin adını verməklə özünün bir daha böyüklüyünü, sadəliyini, uzaqgörənliyini sübut etmişdi. Bu tarixi ideya da mənimlə etdiyi söhbət nəticəsində, birdən-birə ağlına gəldi və dedi: “Müəllim, bu “Yanardağ” Müalicəvi Sanatoriyaya Mir Kazım Aslanlı-Sarəngin adına vermək istəyirəm. Çünki bu, onun halal haqqıdır. Bu yerləri və bu müalicəvi suları vaxtilə o böyük alim kəşf edib”. Həmin vaxt mən onun bu ideyasını alqışladım və birlikdə rəssam-heykəltaraş, gözəl dizayn ustası Azər Xankişiyevi “Yanardağ” Müalicəvi Sanatoriyaya dəvət etdik.

    “Yanardağ” Müalicəvi Sanatoriyasının tarixinə bir baxış və ya

    Allahqulunun əbədiyaşar əsəri

    …Bu vaxt fikrirlərim birdən-birə 2000-ci ilə qayıdır. Həmin tarixi günlər yadıma düşür…

    Yadımdadır ki, təxminən 2001-ci ilin may ayının əvvəllərində Masallıya getmişdim. Allahqulu, ondan kiçik qardaşı Rahim və mən maşınla “Yanardağ” deyilən yerə gəldik. Allahqulu dedi ki, bu yeri icarəyə götürüb və burada böyük tikinti işləri görmək və müalicəvi sanatoriya yaratmaq istəyir. Biz bir neçə saat orada gəzdik və Allahqulu burada görəcəyi işlərdən ətraflı danışdı. Əlbəttə, mən görürdüm ki, burada böyük işlər görmək üçün çoxlu sərmayə lazımdir. Amma həmin sərmayə Allahquluda yox idi. Lakin o, elə böyük həvəslə, inamla, özünə güvənərək danışırdı ki, mən sal qayalıq, dərə-təpəlik, keçilməz yolları, kol-koslu sahələri olan, Viləş çayının gur axan sahilində yerin təkindən çıxaraq çaya qarışan müalicəvi suyu ram etməyin elə də çətin olmadığına onun məntiqli sözlərindən sonra inandım və ona görəcəyi məsuliyyətli işlərdə uğurlar dilədim.

    Bir müddət keçdi və mən Masallıya gedəndə o yenidən məni həmin “Yanardağ” deyilən yerə apardı. Açığı mən gözlərimə inanmadım. Çünki artıq burada çoxlu katejlərin, 12 vannası olan müalicəvi otaqların, çayın hər iki sahilini birləşdirən möhtəşəm körpünün tikintisi gedirdi. “Yanardağ” deyilən ziyarətgaha daşdan pilləkənlər düzəldilirdi. Çox gözəl yeməkxana, çayın sahilində taxtadan yaraşıqlı alaçıqlar tikilirdi. Masallı-Yardımlı yolundan bura rahat yol çəkilirdi. Bir sözlə, burada sözün həqiqi mənasında yaxşı canlanma vardı və çox böyük işlər görülürdü. Bütün bunları görəndən sonra mən Allahqulu Zeynalovun bacarığına, təşkilatçılığına, işgüzarlığına bir daha inandım və ona olan hörmətim daha da artdı.

    Bir ildən sonra isə o məni Mir Kazım Aslanlı-Sarəng adına “Yanardağ” Yeni İsti Su Müalicəvi Sanatoriyasının açılışına dəvət etdi. Burada görülən işləri çox bəyəndim və qəzetlərdə bu haqda bir neçə məqalə də yazdım. Elə həmin il ailəm, uşaqlarımla bura gəldim və 15 gün müalicələr aldım. Ürək, oynaq ağrılarım tam sağaldı və qan təzyiqim qaydasına düşdü. Müalicəvi suyun möcüzəsinə bir daha inandım.

    “Yanardağ” Müalicəvi Sanatoriyasının başqa sanatoriyalardan fərqi

    Analoqu olmayan bu məhlulun tərkibində hidrogen sulfit, kalsium, natrium, xlor, xlor birləşmələri, yod, maqnezium, metan və hətta tibb aləminə hələ də məlum olmayan, amma insan orqanizminə yaxşı təsir göstərən, sağalmağa köməklik edən bir sıra elementlər var. Bu məhlulun yüksək temperatur tərkibinin yuxarıda dediyimiz elementlərlə zəngin olması bizə əsas verir deyək ki, burada bir sıra xəstəlikləri dərmansız, iynəsiz tam müalicə etmək olar. Bu xəstəliklər də özlüyündə beş qrupa bölünür. Aşağıda adlarını yazdığımız beş qrup xəstəliyin müalicəsinə də çox müsbət köməklik edir.

    Birinci qrup - dayaq-hərəkət sistemi olan xəstəliklərdir. Bunlar- revmatizm, revmatit, revmatik poliartrozlar, artirozlar, osteoxandrozlar, Bexterev xəstəlikləri və spandiliozlardır.

    İkinci qrup - pereferik sinir sistemlərinin sinir əzələlər sistemi xəstəlikləridir. Bunlara nevritlər, polinevritlər, nevralgiyalar, miozitlər və polimiozitlər daxildir.

    Üçüncü qrup - dəri xəstəliklərinin müalicəsidir. Belə ki, bu məhlulun tərkibində olan kükürdün, natriumun, yodun və digər mineralların, bioloji aktiv maddələrin olması, dəridə olan allergik xəstəliklərin sağalmasına köməklik edir. Vaxtilə bu məhlula ulu babalarımız, “Qoturu təmizləyən su”, “Min bir dərdin dərmanı olan məhlul” da deyirdilər.

    Dördüncü qrup - qadınlarda və kişilərdə cinsiyyət sisteminin qeyri-spesifik iltihabı, prostatitlər, qadınlarda, kişilərdə sonsuzluq, qadın cinsiyyət orqanlarının qeyri-spesifik xəstəliklərinin müalicəsidir. Bu iltihabı xəstəliklər də aktiv fazada yox, remisiya dövründə olanda müalicəsi daha yaxşı olur. Bu üsulla sağalan xəstələr, xroniki pialo nefritləri, fizziklər, kişiləri ən çox narahat edən prostatitlər, qadınlarda və kişilərdə qeyri-spesifik iltihablı səbəbli sonsuzluqlardır. Qadınlarda qadın cinsiyyət orqanının qeyri-spesifik iltihabı xəstəliklərini də bu məhlulla sağaltmaq olar.

    Beşinci qrup - beyin insultu, ürək infarktı keçirmiş və travma almış, sümük sınıqları olan xəstələrin müalicəsidir. Bu xəstəliklərdən – beyin katastrofunda, beyin insultundan ən azı bir il və infaktdan ən azı 6 ay sonra məhlul doldurulmuş 10-12 vanna qəbul edib massaj, fizeoterapiyalar almaq yolu ilə dərmansız, inyəsiz tam sağalmaq olur.

    İnsan orqanizminə iynəsiz, dərmansız çox böyük müalicəvi təsiri olan, yuxarıda yazılanların şahidi olmaq, bu xəstəliklərdən tam sağalmaq istəyirsinizsə, Masallı rayonundakı Talış dağlarının füsunkar qoynunda, Viləş çayının sahilində yerləşən, yüksək komfortlu katejləri olan və Allahqulu Zeynalovun ideyası, böyük zəhməti ilə ərsəyə gələn Mir Kazım Aslanlı-Sarəng adına “Yanar dağ” Yeni İsti Su Müalicəvi Sanatoriyasına gəlin. İnanırıq ki, hər cür şəraiti olan, çox ucuz, sərfəli qiymətlərlə burada müalicə olunmağınız və istirahət etməyiniz ürəyinizcə olacaq. Atalar da deyib ki, “insanın ən böyük sərvəti, onun sağlamlığıdır”. Sağlamlığının qayğısına qalmaq isə hər bir insanın ömrünü uzadır. Yaşamağa da həvəsini, istəyini artırır.

    Məşhur iş adamı Allahqulu Zeynalov belə bir möcüzəli məkanı, analoqu olmayan müalicəvi sanatoriyanı bizim üçün əbədi yadigar qoyub və haqq dünyasına qovuşub. İnanıram ki, tezliklə bu müalicə ocağının girəcəyindəki Mir Kazım Aslanlı- Sarəngin portretinin yanında Allahqulu Zeynalovun da portreti asılacaq və onun altından bu sözlər yazılacaq: “Bu əsrarəngiz, cənnətməkan yerin, müalicəvi sanatoriyanın yaradıcısı, qurucusu, böyük insan, dəyərli ziyalı Allahqulu Zeynalov olub”.

    Bura istirahətə, müalicəyə gələn insanlar da onlar üçün belə qiymətsiz, min bir dərdin dərmanı olan müalicə ocağını yadigar qoyub getdiyinə görə ona min rəhmət diləyəcəklər.

    Bax, bütün bu rəhmətləri və behişti sən elə sağlığında qazanmışdın, əziz dostum, qardaşım Allahqulu Nəcəfqulu oğlu Zeynalov. Dahilər deyir ki: “Böyümək şərt deyil, şəxsiyyət kimi formalaşmaq şərtdir”. Sən də 58 illik ömründə şəxsiyyət kimi yüksək səviyyədə formalaşdın və əsl ağsaqqal oldun. Adın Masallının tarixində tanınmış iş adamı, xeyirxah, qurucu insan və böyük ziyalı kimi qaldı. Belə insanlar haqqında dünyanın üç böyük dahisi belə deyib: Sokrat: “Xeyirxahlıq xoşbəxtlikdir”. Epikür: “Xoşbəxtlik xeyirxahlıqdır”. Aristotel: “Xoşbəxtliyin iki tərifi var: maddi təminat və mənəvi təminat”. Sən də bu dünyada insanlar üçün əbədi olaraq, həm maddi və həm də mənəvi təminat qoyub getdin.(sia.az)

    Ağalar İDRİSOĞLU,

    Əməkdar incəsənət xadimi
    Masallı, Digah
    PAYLAŞ:

    Oxşar xəbərlər