Oktyabrın 25-də Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşunadlıq Muzeyinin və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Vətən müharibəsinin ildönümünə həsr edilmiş “Qələbə ruhlu şəhidlərimiz” mövzusunda rəsm sərgisinin açılış mərasimi keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, şəhid ailələri, müharibə iştirakçıları, mədəniyyət işçiləri və gənclər iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva Masallı Regional Mədəniyyət İdarəsinin müvafiq tədbirlər planına uyğun olaraq növbəti sərginin təşkilində əsas məqsədin Vətən uğrunda şəhid olmuş qəhrəman oğullarımızın əziz xatirələrini yaşatmaq, şəhid ailələrinə mənəvi dəstək və yeni nəslə vətənpərvərlik ruhu aşılamaqdan ibarət olduğunu diqqətə çatdırıb.
Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov çıxışında ədalətli və müqəddəs 44 günlük Vətən müharibəsində yeni tarix yazan igidlərimizin fədakarlığı ilə qazanılan Zəfərimizin əvəzolunmaz əhəmiyyətindən bəhs edib, şəhidlərimizin gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsi olduğunu bildirib:”Bu gün biz qalib ölkənin vətəndaşları kimi qürurluyuq ki, Ali Baş Komandanımız və Birinci vitse-prezidentimizin hər gün azad olmuş torpaqlarımızı ziyarət edir, abadlıq-quruculuq işlərinin sürətləndirilməsi istiqamətində yeni layihələri gerçəkləşdirir, o əzəli torpaqlarda üçrəngli bayrağımızın əbədi olaraq dalğalanacağına bir daha əminliyimizi artırır...“
Rayon rəhbəri bu cür vətənpərvərlik mövzusundakı tədbirlərin keçirilməsinin davamlı olmasının vacibliyini vurğulayıb.
Rayon ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyev Müzəffər Komandanlığımızla Şanlı Ordumuzun cəsur əsgər və zabitlərinin canı-qanı bahasına Ermənistanın 30 il ərzində milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamları necə qəhrəmanlıqla yarıb keçməsinin hərb tariximizə qızıl hərflərlə yazıldığını qeyd edib.
Sonra sərgiyə baxış keçirilib.
Masallı Dövlət Rəsm Qalereyasında təşkil olunan sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvü Ehtiram Məmmədovun və rəssam Təhmasib Məcidovun şəhidlərə həsr etdiyi portretlər, Masallı şəhər 11 illik İncəsənət Məktəbinin şagirdlərinin, Uşaq-İnkişaf Mərkəzinin dərnək üzvlərinin və Sevda Əliyevanın rəsm və əl işləri, eləcə də muzey fondunda qorunub saxlanılan şəhidlərə aid materiallar yer alıb.
Noyabrın 10-dək davam edəcək sərgidə Masallı rayonundan olan şəhid qəhrəmanlarımızın, o cümlədən Milli Qəhrəman general-mayor Polad Həşimovun, şəhid Xudayar Yusifzadənin xatirəsinə ithaf olunmuş müxtəlif janrlarda (qarışıq tex.) rəsm əsərləri yer alıb. Sərgidə, ümumilikdə, 80-dən yuxarı rəsm əsəri nümayiş etdirilir.
Sərgidə nümayiş olunan əksər əsərlərin (57 Masallı şəhidinin, P.Həşimov, X.Yusifzadənin portretinin) müəllifi bir neçə beynəlxalq müsabiqənin laureatı, rəssam Ehtiram Məmmədovdur.
Akif AĞAYEV,
jurnalist-publisist.
MASALLI.