Vətən Müharibəsində itkin düşən və axtarışları davam edən yeddi hərbçidən biri - Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb.
Leqal.az xəbər verir ki, bu barədə APA-ya onun qardaşı Vüqar Əliyev məlumat verib.
O bildirib ki, şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunda dəfn olunacaq.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Vətən müharibəsi zamanı itkin düşən yeddi hərbçidən birinin nəşinin tapılması və həmin şəxsin kimliyinin müəyyən edilməsi üçün ekspertiza aparıldığını bildirmişdi.
Daha sonra nəşi tapılan hərbçinin gizir İxtiyar Əliyev olması barədə məlumatlar yayılsa da, ailəsi bunu təsdiq etməyərək, ikinci dəfə DNT analizləri verildiyini açıqlamışdı.
Əlavə DNT analizləri nəticəsində nəşi tapılan hərbçinin gizir İxtiyar Əliyev olduğu təsdiqlənib.
Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.
Allah rəhmət eləsin!
***
Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, itkin düşmüş daha bir hərbi qulluqçunun – gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilib, növbəti gün ərzində meyitin ailə üzvlərinə verilməsi təmin ediləcək.
***
Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov isə Trend-ə bildirib ki, ötən gün işğaldan azad edilən Xocavənd rayonunun Hadrut qəsəbəsində Vətən Müharibəsində itkin düşmüş bir azərbaycanlı hərbi qulluqçunun nəşi aşkarlanıb.
O qeyd edib ki, Rusiya sülhməramlıları, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Azərbaycan və Ermənistan tərəfinin nümayəndələrinin iştirakı ilə keçirilən axtarış tədbirləri nəticəsində azərbaycanlı hərbi qulluqçunun meyiti ilə yanaşı, 2 erməni hərbçisinin də cəsədi aşkarlanıb. Erməni hərbçilərin cəsədi qarşı tərəfə təhvil verilib.