Vətən müharibəsində iki övladını şəhid vermiş anaya vəd olunan söz yerinə yetirilib. Belə ki, Aprel şəhidinin anası oğlunun hərbi formasını jurnalistə verərək, onu Şuşada geri alacağını bildirib və onun bu arzusu şanlı Qələbədən sonra gerçəkləşdi.
LEQAL.AZ xəbər verir ki, bu barədə Azərtac-a danışan jurnalist Nuranə Gülər deyib: Ötən il sentyabrın 27-də çəkiliş qrupu ilə Masallıya, Aprel şəhidi Nurlan Əsgərlinin anasını ziyarət etməyə getmişdik. Vətən müharibəsinin başlaması xəbərini də elə şəhidin ocağında aldıq. Ziba ana oğlunun hərbi geyimini mənə verib dedi ki, “Bu müharibədə Qələbə bizim olacaq. Mənə söz ver ki, Şuşaya Nurlanımın geyimində gedəcəksən. Böyük oğlum, Xüsusi Təyinatlı Qüvvələrin zabiti İntiqam Əsgərli də döyüşlərdə qardaşının qisasını alacaq... 44 gündən sonra şanlı Qələbə xəbərini aldıq, Ziba ananın timsalında bütün şəhid analarının arzusu gerçəkləşdi. Fikirləşdim ki, mənim Ziba anaya verdiyim söz var. Onu yerinə yetirmək zamanı gəlib. Şuşaya təşkil olunan səfərlərin birində şəhid anası da mənimlə Şuşaya getdi və bir il əmanət kimi saxladığım şəhid Nurlan Əsgərlinin hərbi geyimini orada ona təhvil verdim”.
Ananın digər övladı İntiqam Əsgərli isə Qələbəyə bir gün qalmış - noyabrın 9-da Şuşa döyüşlərində qəhrəmancasına şəhid olub və “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.