Mətbuatdan uzaqlaşan məşhur tele-aparıcı, vaxtilə AzTV-də yayımlanan “Sən bir nəğmə” verilişinin aparıcısı Ceyran Rəhimova uzun müddətdən sonra müsahibə verib.
LEQAL.AZ müsahibəni təqdim edirik:
- Ceyran xanım, sizi ad günü münasibəti ilə təbrik edirik. Doğum günü təəssüratlarınız...
- Elə insanlar var ki, ad gününü sevmir, amma mən çox sevinirəm, həmin gün maraqlı bir nəşəm olur. Ümumiyyətlə, çox pozitiv insanam. Hamı deyir ki, Ceyranla danışanda insanda yaşamaq həvəsi oyanır. Heç vaxt təmtəraqlı ad günü qeyd etməyi sevməmişəm. Sosial şəbəkələrdə tanınmış simalarla şəkillər paylaşım və s. Ad günümdə 10-15 nəfərdən artıq insan olmur. Özəl günümdə ailə üzvlərim, gündəlik təmasda olduğum, ailəvi dostluq etdiyim insanlar iştirak edirlər. Hər kəslə ünsiyyətim var, amma böyük ətrafım yoxdur. Məhərrəmlik ayı olduğuna görə, şadlıq etmirik. Doğum günümü ailə üzvlərimlə adıma hazırlanan masada qeyd etdik.
- Yenidən efirə qayıtmaq fikriniz varmı?
- 49 yaşım tamam olur. Demirəm ki, mənim üçün artıq gecdir, xeyr. Amma mən düşünürəm ki, fəaliyyətimə çox fasilə verdim. Bəlkə çox fasilə verməsəydim, məndə televiziyaya, efirə can atmaq həvəsi qalardı. Efirlərə meyilli insan deyiləm. Yetərincə efirdə oldum, yenə ehtiyac varmı?!
- Sizin kimi dəyərli aparıcılara hər zaman televiziyalarda ehtiyac var...
- Hazırda efir kriteriyaları fərqlidir, düşünürəm ki, mənə uyğun deyil.
- Nə üçün sizə uyğun olmadığını düşünürsünüz?
- İnsanın həyatda başqa qayğıları, maraq və yaşam tərzi var. Bunlar mənim üçün efirdən daha önəmlidir. Həyatımda heç vaxt efir ön planda olmayıb. Sadəcə olaraq müəllif proqramı hazırladım, həftədə bir dəfə efirə çıxdım. Buna qane oldum, kifayət idi. Heç vaxt efirə çıxmalıyam, bu kanal deyil, başqa kanalda fəaliyyət göstərim, sosial şəbəkədə öndə olum və s. kimi düşüncələr önəmli olmayıb. Bu gün Allah mənə elə bir həyat bəxş edib ki, çox rahatam. Nəinki televiziya, efirə qayıtmağı, ümumiyyətlə, çalışmağı öz həyatımda artıq hesab edirəm. Efirə hörmətsizlik etmək istəmirəm. Axı, efirdən inciyib getməmişəm. Ola bilsin ki, dəvət ilə efirə yenidən çıxa bilərəm. Bu demək deyil ki, efirdən nifrət edib, uzaqlaşmışam. Nəyisə gizlədirəm, nədənsə qaçıram, xeyr! Heç nəyi gizlətmirəm, heç nədən qaçmıram, heç nədən çəkinmirəm! Bütün insanlar kimi normal həyat yaşayıram. Sadəcə olaraq indiki vəziyyətdə müəyyən şeyləri özümə yaraşdırmıram.
- İzləyicilər sizi yenidən televiziyada görmək istəyirlər...
- Təşəkkür edirəm. Demək ki, efirdə olduğum vaxt insanların sevgisini qazana bildim. Onu itirməmək üçün efirə qayıtmıram, sevgini saxlayıram. Heç nəyi ucuzlaşdırmaq istəmirəm.
- Televiziya kanallarımızı izləyirsinizmi?
- Bəli, izləyirəm. Onlar mənə o qədər tamaşaçı sevgisi bağışlayıb, nankorluq edə bilmərəm. Bütün aparıcılara da hörmətlə yanaşıram. Hər bir aparıcının öz tərzi var, bu özünü geyimində, davranışında, özünü aparmasında və s. göstərir. Hərə özünə nəyi rəva bilirsə, tamaşaçıya da onu təqdim edir. Məsələn, mən də geyimimdə, intellektual səviyyəmdə, hərəkətimdə özümə nəyi rəva bilmişəmsə, elə də təqdim etmişəm.
- Televiziyadan uzaqlaşmağınıza səbəb nə oldu?
- Televiziyadan getməyimin elə bir səbəbi yoxdur. Sadəcə olaraq uzun müddət istirahətsiz işlədim. Sonra bir aylıq məzuniyyətə çıxdım. Gördüm ki, bütün gəncliyimi, potensialımı televiziyaya xərcləmişəm, hər şeydən təcrid olmuşam. Montaj, efir və s. Həftəlik planı vermək, montaj, efir və s. Yaşamamışam...
- Bir çox aparıcılarımızın intellektual səviyyəsi tənqid edilir. Siz necə düşünürsünüz?
- Yuxarıda da qeyd etdiyim kimi insan özünə nəyi rəva bilirsə, tamaşaçıya da onu təqdim edir. Burada ailə tərbiyəsi, dünyagörüş çox önəmlidir. Hamının təqdimatına hörmətlə yanaşıram, bəlkə mənim düşündüyüm kimi düşünmür. Bəlkə mən nəyisə tamaşaçıya nəyisə təqdim etməyə utanaram, rəva bilmərəm. Amma heç bir aparıcı yaddan çıxarmamalıdır ki, o, ekranın simasıdır. Tamaşaçıya hörmətlə yanaşmaq lazımdır. Buna hər bir tamaşaçının haqqı var. Tamaşaçını əskiltmək olmaz. Verilişdə qonağın təqdimatına diqqət etmək lazımdır. Mən həyatda tanıdığım müğənniyə də “xanım”, “siz” deyə müraciət etmişəm. Nə olsun ki, ailə üzvü kimi yaxın olmuşam.
Biz tamaşaçıların evinə çağırılmamış qonağıq. Aparıcılarda səmimiyyət mütləqdir, amma çərçisində... İnsanların gözü tərəzidir. Saxta insanı efirə çıxarmaq olmaz. Qeyd edirsiniz ki, sizi çox sevirlər. Mən xoşbəxtəm ki, tamaşaçıların gözündə elə qalmışam. Xoşbəxtəm ki, efirdən uzaqlaşmağıma baxmayaraq məni tanıyırlar. Ola bilsin ki, görünüşümdə də dəyişiklik olsun. Amma insanlar yenə də tanıyıb, öz sevgi və istəklərini bildirirlər. Bu mənə çox xoşdur. Demək ki, mən düzgün düşünmüşəm, düz mövqedə olmuşam. Demək ki, tamaşaçıya düzgün yanaşmışam ki, bu gün hörmətlə yanaşırlar. Mən televiziyada öz sözünü deyən, tanınmış insanlarla çalışmışam. Onlarla təmasda olmuşam, çox şey öyrənmişəm, Mailə Muradxanlı, Telli Pənahqızı, Ramiz Mirişli. 23 yaşımdan etibarən 20 ilə yaxın televiziyada çalışmışam. Yalnız “Sən bir nəğmə” verilişinin aparıcısı olmamışam, AzTV-də “Eksperimental” Yaradıcılıq Birliyinin rəhbəri idim. Yeddi-səkkiz il “Təqvimin bir günü” adlı portret xarakterli tet-a-tet söhbətli veriliş təqdim etmişəm. Proqrama respublikanın tanınmış incəsənət xadimlərini, ziyalılarını dəvət etmişik. Xalq artistləri, şair, yazıçı, bəstəkarlarımızla tet-a-tet söhbətim, 45 dəqiqəlik verilişim olub. Onlar bu gün də televiziyanın fondunda saxlanılır. “Sən bir nəğmə”dən əvvəl 24-25 yaşımda təqdim etdiyim verilişlərim olub. “Sən bir nəğmə” verilişini hazırlayanda 26 yaşım var idi. Veriliş uzun zaman efirdə yayımlandı, öz müəllif proqramım idi. Bu gün də elə verilişlər var ki, kökü mənim hazırladığım verilişlərə bağlanır. Ondan bəhrələnib, bir az daha müasir formaya salınıb, təqdim edilir. Hətta filmlər də hazırlamışam. Bayramlarda təqdim etdiyim verilişlər olub. Televiziyada çoxlu sayda konsertlər hazırlamışıq.
Mənbə: Teleqraf.com