Heykəltəraş İlqar Balayev "Vətən Müharibəsi Qəhrəmanı"nın büstünü hazırlayıb

Heykəltəraş İlqar Balayev  "Vətən Müharibəsi Qəhrəmanı"nın büstünü hazırlayıb
  • Cəmiyyət / Maraqlı

  • Masallı rayonunun Qasımlı kəndində yaşayan tanınmış heykəltəraş İlqar Balayev bir sıra əsərlərin müəllifidir.

    LEQAL.AZ-ın Cənub bürosunun verdiyi məlumata görə, bu dəfə o, İkinci Qarabağ müharibəsi şəhidi Ramiz Cəfərovun büstünü hazırlayıb.

    Şəhidin büstü xatirə olaraq Masallı rayonunda yerləşən park ərazisində qoyulacaq.

    Şəhid Ramiz Cəfərov 1974-cü il dekabrın 10-da Ukraynanın Makeevka şəhərində anadan olub. Əslən Masallıdan olan Ramiz 1981-1985-ci illərdə Sumqayıt şəhərində 17 nömrəli tam orta məktəbdə, 1985-1989-cu illərdə Sumqayıt şəhərində 11 nömrəli tam orta məktəbdə, 1989-1992-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.

    1992-1996-cı illərdə V. F. Marqelov adına "Suvorov" ordenli Ryazan Qvardiya Ali Hava-Desant Komandanlığı Məktəbində ali hərbi təhsil bitirdikdən sonra vətənə geri dönüb. O, alman, ingilis və rus dillərini bilirdi.

    Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Ramiz Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhramancasına vuruşaraq, noyabrın 6-da şəhidlik zirvəsinə ucalmışdır.

    Qeyd edək ki, şəhid Ramiz Cəfərovun heykəlinin hazırlanması Milli Məclisin deputatı Məşhur Məmmədovun dəstəyi ilə olmuşdur.

    PAYLAŞ:

    Oxşar xəbərlər