Azərbaycan Ordusu Ermənistanın işğalına son qoydu. Tarixi Zəfər qazandı. İşğaldan son¬ra Şərqi Zəngəzurda böyük quruculuq işləri başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmişə əminliklə bildirir ki, tarixi Zəfərin davamı olan quruculuq işləri də uğurla başa çatdırılacaqdır.
Cəbrayıl 1993-cü il avqustun 23-də işğal olunmuşdu, 1 şəhər, 4 qəsəbə, 92 kənd Ermə¬nis¬tan silahlı birləşmələrinin vandallığına məruz qalmışdı. Düşmən işğal müddətində şəhəri də, qəsəbələri də, kəndləri də dağıtmışdı. Ermənistanın təxribatlarının qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu 2016-cı ilin aprelində də Ermənistanın hücumunun qarşısını aldı, əks-hücumla 2000 hektar sahəni işğal¬dan azad etdi. Bu sıradan Lələtəpə kimi strateji yüksəklik də işğaldan azad olundu. İkinci Qarabağ müharibəsində Cəbrayıl rayonu uğrunda da ağır döyüşlər getdi, düşmən bu istiqamətlərdə də ciddi müdafiə sədləri qurmuşdu. Azərbaycan Ordusunun hissələri qətiyyəti ilə bu sədləri də darmadağın etdi. Böyük Mərcanlı və Rüzgar kəndləri Vətən mühari¬bə¬sinin ilk günü azad edildi. Digər kəndlər müharibənin gedişi boyu mərhələlərlə azad olundu. Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərən¬ca¬mı ilə “Cəbrayı¬lın işğaldan azad olunmasına görə” medalı təsis olub. Həmçinin Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı dövlətçilik baxımından olduqca əhəmiyyətlidir. Bu ərazidə belə bir təsisatın yaradılması Azərbaycanın sərhədlərinin qətiyyətlə qorunacağın zəmanətidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ra¬yon¬lara hər səfəri quruculuq işlərinin gedişinə nəzarətə hesablanıb. Bu səfərlər təkcə quruculuqla məhdudlaşmır, həm də əhəmiyyətli siyasi çalarları ilə seçilir. Ölkə başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub. İndi Cəbrayıl Günü də böyük sevgilərlə qeyd olu¬nur. Bu sərəncam quruculuq işlərinin tərkib hissəsidir. Qələbədən sonra silahlar susdu, onların yerinə kənd təsərrüfatı texnikası, sənaye maşınları keçdi. Dövlət gecikmədən, viran qoyulmuş Cəbrayıl üçün abadlaşmaya qərar verdi. İlk iş qaranlığa qərq olunmuş rayonu işıqlandırmaq idi. Burada elektrik təchizatının həlli istiqamətində operativ işlər görüldü. Sonra Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı oldu. 2021-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, “Cəbrayıl” yarımstansiyasının, Rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, şəhərdə ilk çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimləri keçirildi. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlqoyma mərasimi oldu.
“Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməli atıldı. Sonrakı illərdə Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməli qoyuldu. Bu yol başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometrdir. Dörd hərəkət zolaqlı yol boyunca infrastrukturu tamamlayan bütün işlər görülüb. Bundan başqa, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin də açılışı da oldu. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı təsdiq edilib. SOCAR BP şirkəti ilə Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyanın tikintisi də böyük quruculuqdan xəbər verir.
Cəbrayıl üçün görüləcək işlər bununla bitmir. Hələ qarşıda nə qədər böyük layihələr var. Təbii, bütün bu infrastruktur və sənaye layihələri Cəbrayılın simasını dəyişəcək. Cəbrayıl abad, zəngin, əsl sahiblərinin yaşadığı, işlədiyi, onların nəfəsi ilə hər zaman var olacaq gözəl bir diyara çevriləcək.
Akif Həmidov,
Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi