Yanvarın 26-da AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini akademik Akmal Saidov, Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanov və Özbəkistan Kinematoqrafiya Agentliyinin baş direktoru Firdavs Abdulxalikovla görüşüb.
Görüşdən öncə qonaqlar AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olub, tarixi barədə məlumat alıblar.
Qonaqlarla görüşdə çıxış edən akademik İsa Həbibbəyli tarixi soykökə, dilə, mədəniyyətə söykənən Azərbaycan Özbəkistan əlaqələrinin son illərdə Prezident İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sıx dostluq və qardaşlıq münasibətləri sayəsində yeni mərhələyə qalxdığını söyləyib. Qeyd edib ki, dövlət başçılarımızın qarşılıqlı səfərləri və xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan Özbəkistan münasibətləri sürətlə inkişaf edir.
Akademik İsa Həbibbəyli son illərdə ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, elm sahəsində də əlaqələrin daim inkişaf etdiyini, AMEA-nın Özbəkistanın Elmlər Akademiyası və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini bildirib.
Diqqətə çatdırıb ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda özbək ədəbiyyatının araşdırılması üçün Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsi, həmçinin Əlişir Nəvai Ədəbiyyatşünaslıq Mərkəzi fəaliyyət göstərir, institutda böyük özbək mütəfəkkirləri Əlişir Nəvainin, Zahirəddin Məhəmməd Baburun və digər özbək ədəbiyyatının nümayəndələrinin irsi öyrənilir, kitablar ərsəyə gətirilir, onlara həsr olunmuş konfranslar keçirilir.
AMEA rəhbəri, eyni zamanda dilçilik və əlyazmalar sahəsində də ölkələrimizin elmi qurumları arasında geniş əməkdaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayıb.
Akademik İsa Həbibbəyli Azərbaycan-Özbəkistan elmi əlaqələrinin inkişafında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun və Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın xüsusi xidmətləri olduğunu söyləyib.
Həmçinin qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində Azərbaycan Milli Elmlər Akademiyasının öz imkanları ilə hazır olduğunu deyib.
Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini akademik Akmal Saidov isə çıxışında yüksək qonaqpərvərliyə görə akademik İsa Həbibbəyliyə minnətdarlığını bildirib.
AMEA-da özbək ədəbiyyatı ilə bağlı aparılan tədqiqatları yüksək qiymətləndirən akademik Akmal Saidov dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinin Özbəkistanda da qeyd olunacağını deyib. Qeyd edib ki, Məhəmməd Füzuli Əlişir Nəvaini özünün müəllimi hesab edirdi və onun yaradıcılığından ciddi dərəcədə təsirlənmişdi.
Akmal Saidov, həmçinin birgə əməkdaşlıq əlaqələrinin sahəsinin genişləndirilməsinin, xüsusilə epiqrafika üzrə əməkdaşlıq müqaviləsinin imzalanmasının və Azərbaycan-Özbəkistan alimlərinin bu istiqamətdə birgə tədqiqatlar aparmasının önəmini vurğulayıb.
Akademik İsa Həbibbəyli isə öz növbəsində ölkəmizdə epiqrafika sahəsində zəngin təcrübənin olduğunu deyib, mərhum alim Məşədixanım Nemətovanın bu istiqamətdə apardığı tədqiqatlardan danışıb və epiqrafika üzrə birgə əməkdaşlığın elmi əlaqələrimizə növbəti töhfə olacağını söyləyib.
Müzakirələrdən sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, görüşdə, həmçinin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli, AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri dosent Esmira Əlirzayeva və İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov da iştirak ediblər.
Müəllif: Leqal.az