Jurnalistin yol düşüncələri
Çoxdan idi ki, səhər tezdən bir yerə səfər etmirdim. Arzu qanadlarında, Medianın İnkişafı Agentliyinin MEDİA təşkilatçılığı ilə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Şuşa səfərinə sevindim. Səhərin soyuğu, alatoranlıq heç vəchlə xoş ovqatımıza mane olmurdu. Ona görə ki, doğma Qarabağımızın baş tacı Şuşaya yol alacaqdıq. Bir azdan qış günəşi çıxacaq, qırmızı şəfəqləri yolumuzu işıqlandıracaqdı. Zəngin mədəniyyət – elm, sənət, incəsənət, musiqi beşiyi Zəfər şəhəri Şuşanı ziyarət etmək, bulaqlarından su içmək, hər qarış torpağına müqəddəs şəhidlərimizin ruhu hopmuş müstəqil Azərbaycan Respublikasının alınmaz qalasını görmək çoxdankı arzum idi. Düzdür, düz 40 il əvvəl Ağdamın Şahbulağına — qardaşım Ənvərin yanına anamla gedəndə həmin yerlər Şuşaya yaxın idi. Arzulamışdım, gedə bilməmişdim. İndi gedirəm.
Bakı, Gəncə və Lənkəran şəhərlərindən də jurnalistləri Şuşaya aparmaq üçün 3 avtobus yola düşmüşdü. Dan yeri söküləndən sonra Füzuli rayonunun Qaraxanbəyli kəndinə çatdıq. Bu, həmin Qaraxanbəylidir ki, işğal dövründə Ohanyan səddi və neytral zona burada yerləşirdi. Təsəvvür edin ki, Azərbaycan torpağında düşmən səddi… Düşdük, baxdıq. Televiziya ekranlarından gördüyümüz viranə evlər, dağıdılmış kəndlər də buradan başlanır. Bir az qabaqda, yolun sağında qəbiristanlıqdakı məzarlara qırmızı lentlər bağlanmışdı. Yəni ki, sakinlər doğmalarının məzarlarını ziyarət ediblər. Bundan qabaqkı Alxanbəyli kəndindəki postda polis işçiləri sənədlərimizi yoxlayıb, bizi Şuşa səmtinə getməyə xoş niyyət göstərdilər.
Qrupumuzun rəhbəri, MEDİA nümayəndəsi Elşən Ağayev bu yerlərdə bir neçə dəfə olduğundan Qarabağın əbədi tarixi, rayonları, yaşayış məskənləri, 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş yerlər haqqında məlumatlar verir, suallarımızı cavablandırırdı. Elşən müəllim Qaraxanbəylinin Füzulinin işğaldan azad edilmiş birinci kəndlərindən olduğunu, ermənilərin Ohanyan səddi deyilən istehkam müzəffər ordumuzun gücüylə dağıdılaraq ərazini düşməndən azad olunmasından danışdı. Strateji və sosial obyektlər, qəbiristanlar, qapıları, divarları sökülmüş binalar, yol-rizi itmiş cığırları belə tanımaq olmur. Düşmən elə bir vandallıq edib ki, Xerosima onun yanında toya-bayrama getməlidir.
Füzuli şəhərinə çatanda adamın ürəyi açılırdı. Şəhər müasir standartlara uyğun yenidən bərpa olunur. İrəlilədikcə abad yolları görürsən. Yolun hər iki tərəfində quruculuq işləri görülür, ucu-bucağı görünməyən torpaqlarda müasir traktorlar işləyir, taxıl əkilirdi. Adamın sevincdən köksü çağlayırdı… Bu yerdə şəhidlərimizə Allahdan rəhmət diləyirik, qazilərimizə cansağlığı arzulayırıq, hamımız bir ağızdan Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevə dualar edirik. Məhz möhtərəm Prezidentimizin Sərəncamı ilə inşa edilmiş 101,5 kilometrlik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu ilə Şuşaya irəliləyirik. Bu yol Zəfər yoludur. Azərbaycan ordusunun xüsusi təyinatlılarının Şuşanı işğaldan azad etmək üçün keçdiyi meşələrdən, dərin dərələrdən, sıldırım qayalardan çəkilib bu yol…
«Kolin» şirkətinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkçiləri tikinti işlərini sürətlə və dünya standartlarına uyğun yerinə yetirirlər. Layihəyə əsasən çətin relyefə malik olan dağ yerlərində, dolaylarda körpü və tunellərin bünövrəsi qoyulur. Belə ki, təzə yolun uzunluğu 17 kilometrə yaxın qısalaraq 84,6 kilometr olacaqdır. Tunellərin ümumi uzunluğu təxminən 3 kilometr təşkil edəcək, Şuşa şəhərinə gediş-gəliş daha rahat olacaqdır. Elşən müəllim sıldırım qayaların ortasında ulu keçmişimizin yadigarı olan Azıx mağarasını göstərib söhbətini davam etdirərək, Tuğ kəndinə çatdığını, yazıçı Cəfər Cabbarlının "1905-ci ildə" əsərindəki hadisələrin məhz bu kənddə cərəyan etdiyini bir daha göz önünə gətirir.
Zəfər yolunun tikintisinin qısa vaxtda həyata keçirilməsi Azərbaycan xalqının qazandığı parlaq Qələbənin simvoludur. Belə bir qısa vaxtda icra olunan və dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi. Şanlı Ordumuzun ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Zəfər yolu” adlandırılan avtomobil yolunun inşası dövlət başçısının daimi nəzarəti altında icra olunub.
Dörd il Azərbaycan xalqı, dövləti və ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 illik işğala cəmi 44 gündə son qoydu. Tariximizdə yeni səhifə yazıldı. Şanlı Ordumuz yağı düşmənin üstümüzə atdığı ləkəni təmizlədi, biz qamətimizi düzəltdik, illərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Biz heç nəyi unutmadıq, unutmadıqca da möhkəmləndik, gücləndik və nəhayət, dünyanın illərdir göz yumduğu ədalətsizliyi özümüz təkbaşına aradan qaldırdıq. Prezident İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti ilə qəhrəman ordumuzun Vətən müharibəsində qazandığı Qələbə Azərbaycan xalqının Zəfər məramına, milli kimlik mücadiləsinə, torpaq və Vətən sevgisinə şahidlik etdi.
Bəli, Zəfər yolu ilə sərt döngələri dolanıb Daşaltı kəndinə, sonra Şuşaya gəlirik. Axırıcı aşırımı keçəndən sonra göz önümüzdə Şuşanın gözəl panoramı açılır. İndiki Şuşa şəhəri böyük tikinti meydanına bənzəyir. Yuxarı Gövhərağa məscidi, Cıdır düzü, Topxana meşəsinin dağıdılmış ərazisi, Molla PənahVaqifin məqbərəsi, Xan qızı Natəvanın dağıdılmış malikanəsi, Şuşa Qalası, İsa bulağını bir-bir ziyarət edir, tikinti-quraşdırma işlərinin burada davam etdiyinin şahidi oluruq. az vaxtda burada xeyli iş görülüb. Şuşada hər məhəllənin öz məscidi olub və indi də fəaliyyətini davam etdirir. "Xarıbülbül", "Şuşa", "Qarabağ" otelləri göz oxşayır, hər bir xarici, yaxud yerli insanın ruhuna oxşarlıq əxz edir.Səliqəli, müasir üslublu 110/35/10 kilovoltluq "Şuşa" yarımstansiyasına baxdıqca adam riqqətə gəlir.
Axırda Cıdır düzünə, ərənlərin oylağına gələrək buradan əsrarəngiz dağ
mənzərələrini seyr etdik. Bu düzdə Mən və jurnalist həmkarlarım 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə həlak olan Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlnin həlak olduğu yeri ziyarət etdik. Allahdan İntiqama, bütün şəhidlərimizə rəhmət dilədik, dualar etdik.
Təcrübəli jurnalist, MEDİA-nın icraçı direktorunun müavini Natiq Məmmədli jurnalistlərə verdiyi müsahibəsində bildirir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan böyük tikinti, quruculuq, bərpa işləri medianın əsas mövzusudur. Düşünürəm ki, bu səfərdən sonra da Şuşada və işğaldan azad olunmuş ərazilərdə aparılan işlər maraqlı yazılar, reportajlar şəklində Azərbaycan cəmiyyətinə təqdim ediləcəkdir.
Nədənsə gedəndə də, gələndə də anam yadıma düşmüşdü. Bu savadsız qadın vətənpərvərdi, bizə Ana Vətənimizi, torpağı sevdirərdi, yaradıcı insanları, hərb fatehlərini tanıtdırardı. Deyərdi ki, müharibəni başlayan da, qurtaran da bir baş (yəni bir adam) olur. Ağıllısı, müdriki dözür, fikirləşir, necə qalib gəlməyin yollarını tapır, müşahidə edir, udur… Anam düz deyirmiş, 30 il düşmən tapdağına dözəsən, səbr edəsən, müharibə edəsən, Qalib olasan, torpağını geri alasan, Bu zəka, mçüdriklik, dözüm tələb edir. Bizim Prezident kimi! İlham Heydər oğlu Əliyev bizə şəhidlərimizlə, qazilərimizlə birgə əyilən qəddimizi yüksəltdi, vüqarımızı, şərəfimizi qaytardılar. Nə qədər həyat var, biz onlara borcluyuq. Bizim Prezidentimiz başımızı ucaltdı, 200 il torpaq almayan bir dövlətdən torpağı geri alan xalqa çevirdi.
Ilham Əliyev 2020-ci ilin 1 dekabrında deyirdi ki, 94 mülki vətəndaş həlak olub, 400-dən çox mülki vətəndaş vəhşi düşmən tərəfindən yaralanıb. Evi dağılmış insanlar dağıntılardan çıxarkən deyirdilər ki, ancaq irəli. Bilirsiniz, hər kəs bilməlidir və biz bütün dünyaya göstərdik ki, biz böyük xalqıq, yenilməz xalqıq. Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmağı bacardıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır. Mən artıq bu mövzu ilə bağlı müraciətlərimi yekunlaşdırıram. Əminəm, bundan sonra, əlbəttə ki, bir çox hallarda doğma xalqıma öz sözlərimi deyəcəyəm. Amma bu dövrlə bağlı müraciətlərimi yenə də hər bir Azərbaycan vətəndaşının arzuladığı sözlərlə yekunlaşdırmaq istəyirəm: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!
Bəli, biz 100 il, 1000 illər bundan sonra da, həmişə, hər vaxt Qalib xalq olacağıq! Xalqımız öz torpaqlarında əbədi əmin-amanlıqda yaşayacaq. Ölkəmizin hər guşəsi gülüstana dönəcək.
Əlihüseyn ŞÜKÜROV,
Masallıda çıxan «Yeni həyat» ictimai-siyasi qəzetinin Baş redaktoru,
Azərbaycan Jurnalistlər Birliyinin və RF Jurnalistlər İttifaqının üzvvü.