“Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır” 

“Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır” 
  • Cəmiyyət

  •  Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi bu gün ölkə mətbuatında geniş müzakirə olunmaqdadır. Üç saata yaxın davam edən və 20-dək istiqamət üzrə sualların cavablandırıldığı müsahibə dövlət başçısı İlham Əliyevin mediaya açıqlığını bir daha təsdiqlədi. Bu, eyni zamanda, Azərbaycan xalqı və dünya ilə media vasitəsilə dialoqun nadir formasıdır. Bu kontekstdə 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə Prezident İlham Əliyevin 30-dan artıq xarici mətbuata müsahibəsini xatırlatmaq istərdik. Dövlətimizin başçısının hər bir müsahibəsi dünənimizə baxış əsasında qarşıdakı dövrün hədəflərinin təqdimatı oldu. Ümumilikdə bu müsahibələr beynəlxalq ictimaiyyət üçün Azərbaycan haqqında daha dolğun məlumatların əldə olunmasında zəngin mənbədir. Bu mühüm məqamı da xüsusi qeyd edək ki, Prezident İlham Əliyevin hər Yeni ilin ilk ayında yerli televiziya kanallarına müsahibə verməsi artıq ənənə halını alıb. Bu müsahibələrdə əvvəlki il ərzində ayrı-ayrı sahələrdə qazanılan uğurlar geniş təhlil olunur, hədəflər və onlara nail olmaq üçün mexanizmlər açıqlanır.
         
    Dövlət başçısı İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı son 20 ildə Azərbaycanın haradan hara gəlib çıxdığını açıqlayarkən bu dövrün 1993-cü ildən başlandığını xüsusi qeyd etdi. Həmin ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan sabitlik və sürətli inkişaf yoluna qədəm qoyaraq gələcəyə doğru böyük inamla addımladı. 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm təməl Azərbaycanın 2003-cü ildən başlanan yeni dövrünün daha möhtəşəm uğurlarla zənginləşməsində əhəmiyyətli rol oynadı.
       
     Dövlət başçısı İlham Əliyevin müsahibədə böyük qürur hissi ilə qeyd etdiyi “Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır” fikri tarixi Zəfərimizdən ötən üç ildə keçilən yolun ümumiləşdirilmiş ifadəsidir. Bəli, həqiqətən də artıq ölkəmizin həyatında yeni dövr başlayır. Təbii ki, yeni dövrün yeni hədəfləri vardır. Dövlətimizin başçısının müsahibəsində qeyd etdiyi kimi, yeni dövrə köhnə hədəflərlə gedə bilmərik. Çünki o hədəflər artıq əldə edildi. İndi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur. Biz o ölkələrdən olmaq istəmirik. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək. Ancaq bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz.
    Prezident İlham Əliyev daim çıxışlarında bu çağırışı edir ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Zamanı qabaqlamaq əsas hədəfimiz olmalıdır. Bu baxımdan tarixi Zəfərə imza atanda xalqımız tam əmin idi ki, işlərimiz yarımçıq qalmayacaq. Qalibiyyət rəmzimiz olan üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanacaq. Azərbaycan bu hədəfə sülh yolu ilə nail olmaq üçün səylər göstərdi. Lakin Ermənistan 30 illik işğal dövründəki çirkin niyyətlərini davam etdirərək üzərinə düşən öhdəlikləri yerinə yetirmədi, hərbi təxribatlarına ara vermədi. Vəziyyətin bu şəkildə davamı Azərbaycanın lokal antiterror tədbirlərini həyata keçirməsinə səbəb oldu. Sentyabrın 20-si çoxəsrlik tariximizə suverenliyimizin tam təmin olunduğu, Azərbaycanın həyatında yeni mərhələnin başlandığı dövr kimi yazıldı.

    Yeni dövr ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsini bir zərurətə çevirdi. Dövlət başçısı İlham Əliyev müsahibəsində növbədənkənar prezident seçkilərini şərtləndirən amilləri diqqətə çatdırdı. Bildirdi ki, bunu şərtləndirən əsas amil ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunmasıdır. Zəfər seçkiləri kimi tarixə yazılacaq bu seçkilər bütün ölkə ərazisini əhatə edəcək. Seçkilərin məhz 2024-cü ilin fevral ayına təyin olunmasını şərtləndirən digər amil bu il ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyi ilə əlaqədardır. 



    Ceyhun Hüseynov,
    Masallı RMX İƏ üzrə mütəxəssis


    PAYLAŞ:

    Oxşar xəbərlər