Yaşıl dünya naminə həmrəylik – Ətraf mühitin çirklənməsi və yeni növ xəstəlik təhlükələrinə qarşı hərəkətə keçməyə çağırış

Yaşıl dünya naminə həmrəylik – Ətraf mühitin çirklənməsi və yeni növ xəstəlik təhlükələrinə qarşı hərəkətə keçməyə çağırış
  • Cəmiyyət

  • Pediatrların iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma proqramlarının hazırlanması baxımından çox mühüm liderlik rolu var.
    İnkişaf etməkdə olan və dəyişən dünya XX əsrin yarısından indiyədək əhalinin sürətli artımı, həddindən artıq urbanizasiya və təbii ehtiyatlardan hədsiz dərəcədə istifadə edilməsi səbəbindən yerli və qlobal miqyasda geniş spektrli ekoloji problemlərlə üzləşir. Dünyanın gündəmində olan bu problemlərin həlli və azalan qaynaqların gələcək nəsillərə ötürülməsi üçün edilən səylər ölkəmizdə də yaşıl həmrəylik üçün hərəkatı prioritet edib. 
    Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında imzaladığı Sərəncam ictimaiyyəti iqlim dəyişikliyi, təbii ehtiyatların sürətlə tükənməsi, ətraf mühitin çirklənməsi və yeni növ xəstəliklər kimi təhlükələrə qarşı hərəkətə keçməyə çağırışdır. Bu həm də ölkəmizdə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, istilik effekti yaradan qaz emissiyasının beynəlxalq normalara uyğun səviyyədə saxlanılması, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə istiqamətində göstərilən səylərə mühüm töhfə olacaqdır. 

    Bu fikirləri Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, MDB dövlətləri Pediatrlar Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə bildirib. 

    Xüsusilə qeyd etmək yerinə düşər ki, ötən ilin dekabr ayında Gəncədə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz aktuallığı baxımından əhəmiyyətli oldu. İştirak etdiyim beynəlxalq konfransın dəyirmi masa formatında keçən hissəsində ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması müzakirə mövzusu idi. Tədbirin təşəbbüsçüsü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov elmi konfransın ekologiya sahəsində aktual məsələlərin müzakirəsinə həsr edilən mühüm platforma olduğunu qeyd etdi. Konfransda Ulu Öndər Heydər Əliyevin təbiəti mühafizə tədbirlərinin təşəbbüskarı olduğuna, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyən olunmuş prioritetlər üzrə tədbirlər görüldüyünə və Ümummilli Lider Heydər Əliyevin ekologiya sahəsində verdiyi tövsiyələrin bu gün də görülən işlərdə rəhbər tutulduğuna diqqət çəkildi”, – deyə Təranə Tağı-zadə əlavə edib.

    Tağı-zadə onu da bildirib ki, bu gün ölkəmizdə keçirilən bənzər mövzulu elmi konfranslar da daxil olmaqla, beynəlxalq səviyyədə müzakirələrdə, iqlim dəyişikliyi ilə bağlı çağırışlarda hamilə qadınların, körpələrin və uşaqların iqlim fəlakətləri səbəbiylə ciddi sağlamlıq riskləri ilə üzləşdiyi və bu vəziyyətə təcili müdaxilə edilməsi lazım olduğu vurğulanır. 

    Alim 2023-cü ilin bir çox dağıdıcı iqlim fəlakətləri ilə yadda qaldığını deyib: “Yanğınlar, daşqınlar, quraqlıqlar, havanın çirklənməsi ilə yanaşı COVID, vəba, malyariya, qızılca və denqe qızdırması kimi ölümcül xəstəliklərin yayılmasının artması müşahidə olunur ki, bu da hamilə qadınlar və uşaqlar üçün ciddi nəticələrə gətirib çıxarır, bu infeksiyalardan onlar ciddi şəkildə təsirlənirlər”.

    Təranə Tağı-zadə bu istiqamətdə tədqiqatların nəicələrinə diqqət çəkib: “Araşdırmalar göstərib ki, zərər ana bətnində başlayır, hamiləliklə bağlı ağırlaşmalara, vaxtından əvvəl doğuşa, az çəkiyə və ölü doğuma səbəb olur. Bütün bunlar böyümə prosesində uşaqların orqanizminə və beyin inkişafına təsir göstərə bilər və hətta uşaqlar bu xəstəliklərin nəticələri ilə ömür boyu mübarizə aparmalı ola bilərlər”. 

    Alim qeyd edib ki, bu mənada pediatrların və digər səhiyyə mütəxəssislərinin yerli, milli və beynəlxalq səviyyədə iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma proqramlarının hazırlanması baxımından çox mühüm liderlik rolu var. Eyni zamanda, səhiyyə mütəxəssisləri uşaq yaş qrupunda iqlim dəyişikliyi nəticəsində yaranan yoluxucu xəstəliklərin təsiri, onların diaqnostika üsulları və müalicələri haqqında məlumatlandırılmalıdır. 

    “Bildiyimiz kimi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP29-un Tərəflər Konfransının 29-cu sessiyası gələn il Azərbaycanda keçiriləcək. Düşünürəm ki, qadınların, uşaqların və gənclərin sağlamlıq ehtiyaclarının ən qısa zamanda iqlim reaksiyası planlarına daxil edilməsi təkcə mənəvi əhəmiyyətli deyil, həm də davamlı və sağlam cəmiyyətlərin qurulması üçün uzunmüddətli faydalar təmin edən effektiv strategiyadır”, – deyə alim vurğulayıb. 

    Təranə Tağı-zadə COP28-in ötən ilki sesiyasında UNICEF-in baş direktorunun müavini Kitti van der Heijdenin fikrilərini əsas gətirib: "İqlim böhranı təkcə planeti dəyişdirmir. O, uşaqları da dəyişir. Uşaqların bədəni və zehni iqlim dəyişikliyinin təsirlərinə qarşı unikal şəkildə həssasdır və uşaqlar məsuliyyət daşımadığı böhrandan qeyri-mütənasib şəkildə təsirlənirlər”. 

    Pediatr onu da vurğulayıb ki, ekosistemin bəşəriyyətə dəyərli xidmətlər göstərə bilməsi həm də ətraf mühitə zərər verməyən bərpa olunan enerji mənbələrinə müraciət etməklə mümkündür. Bərpa olunan enerji mənbələrinin ümumi enerji ehtiyatlarında payı artdıqca ətraf mühitin çirklənməsi azalacaq və nəticədə gələcək nəsillərin sağlamlığı və həyat keyfiyyəti yüksələcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər