Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulu Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, orada hərbi hissənin açılışında iştirak ediblər.
Son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə yeni hərbi hissələr, hərbi şəhərciklər salınmışdır. Onların böyük əksəriyyəti yeni inşa edilmiş hərbi hissələrdir. Bir hissəsi isə əsaslı təmir edilmiş hərbi hissələrdir. Biz bu sahəyə çox böyük diqqət yetirirdik, çünki hərbçilərin xidmət şəraiti elə olmalıdır ki, onlar istənilən vəzifəni icra edə bilsin, hazırlıq üçün, məşq üçün yaxşı şərait olsun. Ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tuturdu və deyə bilərəm ki, bu gün Azərbaycanın bütün bölgələrində əksər hərbi hissələr bizim standartlarımıza cavab verir.
Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi. İlk növbədə ona görə ki, bu strateji qəsəbəni işğaldan azad etmək bizim gələcək planlarımıza əlavə dəstək verdi. Çünki əgər biz Hadrutu işğalçılardan azad etməsəydik, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi. Təsadüfi deyil ki, işğaldan ilk azad edilmiş şəhər olan Cəbrayıldan sonra ikinci böyük yaşayış məntəqəsi Hadrut olmuşdur. Müzəffər Azərbaycan Ordusu ötən il oktyabrın 9-da bu qəsəbəni işğalçılardan azad etmişdir. Burada olan hər bir insan bu qəsəbəni əhatə edən dağları görərkən başa düşə bilər ki, bu, nə qədər böyük, çətin və şərəfli missiya idi. Çünki mənfur düşmən 30 il ərzində işğal altında olan bütün torpaqlarda güclü istehkamlar qurmuşdu, bir neçə xətdən ibarət müdafiə sədləri qurmuşdu. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təbii relyefi də düşmən üçün əlverişli idi. Çünki bu dağlarda, təpələrdə yerləşərək onlar böyük hərbi üstünlüyə malik idilər. Ona görə bizim hərbçilərimizin həm peşəkarlığı, həm fiziki gücü, mənəvi hazırlığı, vətənpərvərliyi, fədakarlığı bu şərəfli Qələbəmizə nail olmaq üçün bizə imkan yaratdı. Hadrut azad ediləndən sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət almışdır və onların özlərinin etirafına görə müharibə zamanı 10 min fərari olmuşdur. Azərbaycan Ordusunda isə bir nəfər də fərari olmamışdır. Bizim vətənpərvərlik ruhumuz, qəhrəmanlığımız, Vətənə olan bağlılığımız, fədakarlığımız bütün dünyada Azərbaycan Ordusu, Azərbaycan xalqı haqqında dəqiq təsəvvür yaratdı. Göstərdi ki, biz böyük xalqıq, göstərdi ki, biz özümüzə məxsus olan torpaqları nəyin bahasına olursa-olsun azad edən xalqıq.
Bu gün Hadrut əməliyyatı haqqında və bütövlükdə İkinci Qarabağ müharibəsi haqqında danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Elməddin Əzizov,
Masallı şəhər sakini, Vətən müharibəsi veteran