Sosial müavinət və təqaüdlər artırılması son günlərin ən müsbət hadisələrindən biridir. Vətən müharibəsindəki Qələbəmizdən sonra yaranmış yeni reallıqların sosial siyasət sahəsinə də təsir göstərəcəyi şəksiz idi. Bu mənada sosial məsələləri daim diqqətdə saxlayan Prezident İlham Əliyevin bu istiqamətdə yeni Sərəncam və Fərmanlar imzalaması gözlənilən idi. Dövlət başçısının imzaladığı yeni Sərəncam və Fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətində atılmış əhəmiyyətli addımdır və bu da öz növbəsində xüsusilə son illərdə geniş miqyas alan islahatların uğurla davam etdirilməsinə əsaslı təminat verir.
Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il oktyabrın 16-da imzaladığı Sərəncamına əsasən yeni islahatlar mərhələsinə başlanılıb. Bu islahatlar üzrə əmək haqlarında, müavinət və təqaüdlərdə artımlar 2022-ci ilin əvvəlindən tətbiq olunacaq. 2,1 milyondan çox şəxsi əhatə edən yeni artımlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub.
Respublikada baş verən islahatların əhəmiyyətini və miqyasını dəyərləndirən zaman bir neçə əsas amili nəzərə almaq lazımdır. Belə ki, hazırda pandemiya şəraiti davam edir və dövlət müharibədən sonrakı mərhələni yaşayır. Tarixən digər dövlətlərin analoji vəziyyətdən sonrakı inkişafını araşdırsaq, onu qeyd edə bilərik ki, Azərbaycan sayca azlıq təşkil edən dövlətlərdəndir ki, adı çəkilən amillərə baxmayaraq dövlətin inkişafı, ələxsus sosial rifahın artırılması istiqamətində görülməsi planlaşdırılan işlər öz axarında davamlı şəkildə icra olunur. Bu da dövlət başçısının siyasətinin möhkəm təməl üzərində qurulmuş olduğunu sübut edir.
Cəmilə İmanova,
Masallı rayon Göyəçöl kənd sakini.