Azərbaycan və İranın xarici işlər naziri Ceyhun Bayramovla Hüseyn Əmir Abdullahian arasında görüş olub.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xarici işlər nazirləri arasında təkbətək formatda başlayan görüş, daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Nazir Ceyhun Bayramov Azərbaycan və İran dövlətləri arasında əlaqələrin qədim tarixə və ortaq mədəniyyətə əsaslandığını qeyd edib. O, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini bildirib. Nazir, ölkə rəsmiləri arasındakı təmasların, xüsusilə də dövlət rəhbərləri səviyyəsində görüşlərin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verdiyini söyləyib.
Hüseyn Əmir Abdullahian Bakıda olmağından məmnunluq ifadə edib. O, Azərbaycan Prezidenti ilə çox faydalı görüşün keçirildiyini və hərtərəfli müzakirələrin aparıldığını söyləyib.
Nazirlər Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə uğurla həyata keçirilən əməkdaşlıq münasibətlərini müzakirə ediblər. Bu xüsusda Dövlət Komissiyasının fəaliyyəti qeyd edilib.
Görüş zamanı, həmçinin bölgədəki cari vəziyyət, münaqişə sonrası yeni reallıqların və əməkdaşlıq imkanlarının yaranması, o cümlədən 3+3 formatında məsləhətləşmələr mexanizminin gələcək perspektivləri, kommunikasiyaların açılmasının bölgə ölkələrinə faydası və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.