Dünən ölkəmizə qış fəsli qədəm qoyub. Yollarımız qış fəslinə hazırdırmı?
Bununla bağlı sualı Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli cavablandırıb.
O bildirib ki, payız-qış mövsümü ilə bağlı oktyabrın 1-dən tədbirlər görülüb. Qış mövsümü ilə əlaqədar texnikalar hazır vəziyyətə gətirilib, qum-duz ehtiyatı toplanılıb, işçilərin isti geyimlə təmin olunması üçün işlər aparılıb.
Onun sözlərinə görə, dağlıq və dağətəyi rayonlarımızda payız fəslindən artıq qarın yağması müşahidə olunur:
“Əməkdaşlarımız dağlıq və dağətəyi yolların kənarında duz qum ehtiyatından ibarət topalar yığıb. Onlar öncədən yolların kənarına yığılır ki, qar yağarkən hərəkətin fəaliyyətinə çətinlik yaransa, əməkdaşlarımız həmin əraziyə cəlb olunsun və orda yaranmış problem qısa müddət ərzində aradan qaldırılsın”.
“Paytaxt yolları da qışa hazırdır. Kifayət qədər duz-qum ehtiyatımız var. Zərurət olarsa, yenə texniki duz alınacaq. Bakının əsas küçələri ilə yanaşı şəhərətrafı küçələr, qəsəbələrə gedən yollar, prospektlər bizim agentlik tərəfindən nəzarətdə saxlanılır. Qış boyunca hər hansı problem yaranarsa, müdaxilə olunacaq”, - deyə A.Nəcəfli qeyd edib.