Zəfər paradı qələbəmizin rəmzidir

Zəfər paradı qələbəmizin rəmzidir
  • Cəmiyyət

  • Azərbaycan xalqının çoxəsirlik tarixi əlamətdar hadisələrlə çox zəngindir. Lakin son iki yüz illik tariximizdə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər qədər möhtəşəm qələbə yoxdur. Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub edərək, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, bir amalla vuruşurdu ki , bu işğala son qoyulsun, ədalət zəfər .çalsın, Bəli ədalət zəfər çaldı .

    Zəfər paradı Möhtəşəm Qələbəmizin zirvəsi oldu. Müzəffər Ali Baş Komandanımızın “Qarabağ Azərbaycandır!” əminliyinin məntiqi nəticəsidir. Dövlətimizin başçısı İlham Əliyev 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda demişdi: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

    Sözü əməli ilə göstərən Ali Baş Komandanımızın uğurlu siyasətinin nəticəsində tarixi qələbəmizi qazandıq. Birliyimizi, həm də gücümüzü təcəssüm etdirən dəmir yumruq yaradıb düşmənin başını əzdik. Tarixə yeni tarix yazıldı. Gözlənilən gün - o böyük tarixi gün gəldi.

    2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitlərinin də iştirakı ilə keçirilmiş ZƏFƏR paradı Azərbaycan xalqının tarixi yaddaşına əbədi yazılan bir hadisədir. Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, hərbi gəmi və katerlər, eləcə də müharibə zamanı erməni ordusundan ələ keçirilmiş qənimətin, hərbi texnikanın bir qismi də nümayiş etdirilmişdi. Paradda Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisədir

    Yaşadığımız il Azərbaycan tarixinin ən zəfərli, şanlı, şöhrətli ilidir. Azərbaycan xalqı öz Prezidenti, Ali Baş Komandanı İlham Əliyevin və Azərbaycan Ordusunun arxasındadır. Bu birlik Vətən müharibəsində qalib gəldiyi, Qarabağı qaytardığı kimi, Qarabağa həyat və inkişafı da qaytarır.Qarabağımız günü-gündən inkişaf edir, sürətli quruculuq işləri aparılır. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, doğma Qarabağ tezliklə cənnətə çevriləcək.


    Əntiqə Tağıyeva,
    Masallı Tarix Diyarşünaslıq Muzeyin direktoru
    PAYLAŞ:

    Oxşar xəbərlər