“Hazırda Ermənistan ordusunda anarxiya pik həddədir. Ermənistan qoşunlarının hamısı heç də baş nazir Nikol Paşinyana tabe deyil. Paşinyana tabe olmayan qoşun hissələrində kifayət qədər əsgərlər, iri rütbəli zabitlər, hərbçilər var. Ermənistanın keçmiş rəhbərləri Serj Sarkisyan və Robert Koçaryanın tərəfdarları olan zabitlər, hərbçilər atəşkəsi pozurlar. Çox vaxt onların atəşkəsi pozmasından heç Paşinyanın da xəbəri olmur. Heç şübhəsiz ki, bütün bunlar Ermənistan baş nazirinin zəifliyinin göstəricisidir”.
"Leqal" xəbər verir ki, bunu ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Azərbaycan-Ermənistan sərhədində erməni hərbi birləşmələrinin son günlər silsilə xarakter alan hərbi təxribatlarına münasibət bildirərkən deyib.
Generalın sözlərinə görə, Azərbaycan Ordusu erməni təxribatının qarşısını almaq üçün hər an hərbi əməliyyatlara başlaya bilər:
“Son dönəmlər Kəlbəcər istiqamətində ermənilərin təxribatlarının sayı artıb. Əgər Zəngəzur istiqamətində Ermənistan tərəfi dəhlizin açılmasını gecikdirsə, o istiqamətdə də ordumuz hərbi əməliyyatlara başlaya bilər. Bu baş verərsə, həm Naxçıvandakı Ümumqoşun Ordunun hazırlıqlı bölmələri, həm də Azərbaycanın bu biri tərəfindəki qoşun hissələri birgə əməliyyat keçirəcəklər. Əgər zərurət yaranarsa, 10 noyabr üçtərəfli bəyanatının maddələrinin yerinə yetirilməsi üçün bu baş verə bilər.
Eyni zamanda ermənilər demarkasiya və delimitasiya məsələsini həll edənə qədər atəşkəsi pozmamalıdırlar. Əks halda, onlara adekvat cavablar veriləcək. Azərbaycanla sərhəddəki erməni təxribatları ondan xəbər verir ki, Ermənistan ordusu Nikol Paşinyana tabe olmur və ya olmaq istəmir. Erməni hərbi birləşmələrinin komandirləri kənardan göstərişlər alırlar. Onlar məsələni gərginləşdirmək istəyirlər ki, Zəngəzur dəhlizinin açılması məsələsi bir qədər də uzansın. Bundan başqa, Naxçıvan istiqamətində 1, Qazax istiqamətində işğal altında olan 7 kəndimizi də ermənilər qaytaracaqlar. Əgər qaytarmasalar, o zaman bir neçə gün də demirəm, çox qısa zamanda Azərbaycan Ordusu həmin əraziləri işğaldan azad edəcək. Həmin kəndlərin qaytarılması ordumuz üçün problem deyil”./Publika.az