Astaralı gənclər şəhid Əli Cəfərovun doğum günü ilə əlaqədar məzarını ziyarət ediblər

Astaralı gənclər şəhid Əli Cəfərovun doğum günü ilə əlaqədar məzarını ziyarət ediblər
  • Cəmiyyət

  • Avqustun 27-də bir qrup astaralı gənc rayonun Maşxan kəndində Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş Cəfərov Əli Bəyulla oğlunun doğum günü ilə əlaqədar ailəsinə baş çəkib, məzarını ziyarət ediblər.

    LEQAL.AZ  xəbər verir ki, mərasim iştirakçıları şəhid Əli Cəfərovun məzarı önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.

    Mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən, astaralı döyüşçülərin qəhrəmanlıqlarından danışıblar.

    Diqqətə çatdırılıb ki, Vətən müharibəsində Azərbaycan xalqının Vətən sevgisi, əzmkarlığı, iradəsi, xalq və ordunun ali məqsəd naminə həmrəyliyi, Ali Baş Komandanın qətiyyəti Azərbaycan Respublikası ərzilərinin işğaldan azad olunmasında əsas amillərdəndir. Bu Qələbədə ən çox şəhidlərimizin payı var. Onların keçdiyi döyüş yolu böyüməkdə olan nəsil üçün örnəkdir.

    Qeyd edək ki, şəhid Cəfərov Əli Bəyulla oğlu 1993-cü il avqustun 29-da Astara rayonunun Maşxan kəndində anadan olub.

    Vətən müharibəsinə könüllü kimi yollanan igid döyüşçü noyabrın 7-də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olub.

    Şəhid Əli Cəfərov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

    Astaralı gənclər şəhid Əli Cəfərovun məzarını ziyarət etdikdən sonra Maşxan kənd məzarlığında əbədi uyuyan Vətən müharibəsinin şəhid giziri, “Vətən uğrunda” medalı ilə təltif olunmuş Əliyev Ramin Muxtar oğlunun məzarını da ziyarət ediblər./azərtac
    PAYLAŞ:

    Oxşar xəbərlər