Bizim üçün 2020-ci ildə baş verən ən mühüm məsələlərdən biri Qarabağla bağlı vəziyyətdir. Bu məsələdə tarixi bir nəticə var. Otuz il davam edən diplomatik danışıqların nəticə vermədiyini görən Can Azərbaycan qətiyyətli qərar verərək meydanda torpaqlarını geri aldı. Biz də Azərbaycanı, sadəcə, qardaşımız olduğu üçün deyil, haqlı olduğu üçün müdafiə etdik.
LEQAL.AZ xəbər verir ki, bu fikirləri xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin xarici siyasətinin 2020-ci ildəki nəticələri ilə bağlı Prezident Administrasiyasında keçirdiyi hesabat toplantısında ifadə edib.
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bölgədə yeni inkişaf modeli qurmaq təkliflərini xatırladan nazir regiondakı vəziyyətin normalaşmasının Türkiyənin xarici siyasətində ən mühüm istiqamətlərdən biri olduğunu diqqətə çatdıraraq deyib ki, Ermənistan atəşkəsə əməl edərsə, Azərbaycanın ərazi bütövlüyünün tanıyarsa, sadəcə, Azərbaycanın deyil, bütün qonşu ölkələrlə münasibətlərə hörmətlə yanaşarsa, yaranmış vəziyyətdən Ermənistan və erməni xalqı da fayda görəcəkdir.
Bu prosesin daha bir mühüm nailiyyəti kimi Azərbaycanın Naxçıvan bölgəsi ilə ölkənin digər bölgələri arasında birbaşa nəqliyyat-kommunikasiya əlaqələrinin qurulması, eləcə də 30 ildir yurdundan didərgin düşmüş vətəndaşların öz evlərinə geri dönməsi olduğunu bildirən nazir Mövlud Çavuşoğlu vurğulayıb ki, proseslə bağlı bütün məsələlərdə bundan sonra da Azərbaycana lazımi dəstək veriləcək. Nazir Rusiya ilə Birgə Monitorinq Mərkəzinin qurulması ilə bağlı fikirlərini də açıqlayıb.
Nazir bildirib ki, cari ildə Suriya böhranının həlli, Liviya və Aralıq dənizindəki vəziyyətin tənzimlənməsi, eləcə də Türkiyə-ABŞ, Türkiyə-Avropa İttifaqı münasibətləri istiqamətlərində mühüm diplomatik fəaliyyət göstərilib. Türkiyə regiondakı bütün proseslərdə mövcudluğunu əzmlə qoruyub, təsir imkanlarını genişləndirib.(azərtac)