Xəbər verdiyimiz kimi, Qərbi Azərbaycan İcması 2023-cü il avqustun 10-da BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türkə məktub göndərərək, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparması və onların evlərinə qayıtmasına əngəl törətməsi nəticəsində insan hüquqlarının kütləvi şəkildə pozulması barədə müfəssəl hüquqi qiymətləndirmə təqdim etmişdi.
Bu günlərdə həmin müraciət BMT-nin Təhlükəsizlik Şurasının və Baş Assambleyasının gündəliyinin soyqırımının, etnik təmizləmənin, insanlıq əleyhinə cinayətlərin qarşısının alınması, irqçiliyin və ksenofobiyanın aradan qaldırılmasına dair bəndləri altında həmin ali orqanların rəsmi sənədləri kimi yayılıb.
Bu barədə Leqal.az-a İcmadan məlumat verilib.
İcma xatırladıb ki, sənəddə BMT-nin insan hüquqları üzrə qurumları sözügedən insan hüquqları pozuntuları ilə bağlı qərəzsiz və hərtərəfli araşdırma aparmağa, Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına köməklik göstərməyə, etnik təmizləməni, mədəni-tarixi irsin məhv edilməsini həyata keçirənlərin, zorakılıq edənlərin və qovulmuş azərbaycanlıların geri qayıtmasına maneə yaradanları məsuliyyətə cəlb olunması istiqamətində səylər göstərməyə çağırılır.
Qeyd edilib ki, müraciətin BMT-nin ali orqanlarının rəsmi sənədləri kimi yayılması BMT orqanlarının Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsi ilə sistemli şəkildə məşğul olmaları üçün əsasları daha da gücləndirib.
İcma Qayıdış Konsepsiyasına uyğun olaraq, sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə qayıdış hüququnun təmin edilməsi məqsədilə beynəlxalq səylərini davam etdirəcək.