İsrail və Fələstin (Qəzza zolağı) arasında münaqişənin hərbi forması yenidən aktiv fazaya keçib. Həmas tərəfindən İsrail şəhərlərinə çoxsaylı raketlər atıldığı, hər iki tərəfdən çoxsaylı ölən və yaralananların olduğu deyilir. Əsasən sivil insanların öldürülməsi münaqişənin hansı həddə qızışdığını (qızışdırıldığını) göstərir.
Rusiya mətbuatı yazır ki, İsrail Ukraynaya dəstək vermədiyi üçün Qərb tərəfindən bu formada cəzalandırılır. Ukrayna isə İsrailin “özünü və xalqını müdafiə etmək hüququnu” dəstəklədiyini açıqlayıb.
İranın son açıqlamaları da bu münaqişənin alovlanmasına mesaj idi. Qarabağ məsələsində Azərbaycanın hərbi və diplomatik qələbəsi, Qərbin narahatlığı, İsrailin Azərbaycana dəstəyi Qərbin və ABŞ-ın gizli dairələrini hərəkətə keçirdi.
Bir neçə gün əvvəl Türkiyə Daxili İşlər Nazirliyinə PKK tərəfindən terror hücumu, buna qarşılıq Türkiyənin də İraq və Suriyada PKK hədəflərini vurması, eyni zamanda Türkiyə XİN tərəfindən ABŞ-a PKK və PYD-ni dəstəkdən çəkinməsi barədə ultimatum xarakterli mesajı, İrəvanda "Ümumdünya Yəhudi Mərkəzi"nə ASALA tərəfindən hücum şübhəsiz ki, dəqiq analiz olunmalıdır. Görünən odur ki, ASALA, PKK, PYD və Həmas kimi təşkilatlar eyni mənbədən idarə olunur və əlaqəlidir.
Türkiyənin əsasən son zamanlar İsrail ilə yaxınlaşması, Qarabağ məsələsinin həllində İsraillə Türkiyənin Azərbaycana dəstək mövzusunda və bir çox digər nüanslarda ortaq məxrəcə gəlməsi görünür əsasən Qərbin bəzi dairələrində narahatlıq yaradıb. Fələstin və İsrail məsələsi nə qədər passiv fazada qalırsa Türkiyə ilə İsrail yaxınlaşır, elə ki, aktiv, hərbi fazaya keçdi, istər - istəməz siyasi ziddiyyətlər meydana çıxır. Demək İsrail - Fələstin münaqişəsi yalnız başqalarının siyasi maraqları naminə həll olunmur. İsraildə milyonlarla müsəlman, ərəb bütün müsəlman ölkələrindəkindən daha azad, daha yaxşı yaşayır, knessetdə deputatları, hökumətdə nazirləri var. Ərəb dili İsraildə ikinci rəsmi dildir.
Uzunillik bu münaqişənin davam etməsi nəticəsində İsrail inkişaf edib, ancaq Fələstin hələ də orta əsrlərdə qalıb. Bunda günahkar kimi İsrail göstərilsə də əslində bu münaqişənin həllinə imkan verməyən kənar güclər daha çox günahkardır. İran uzun illərdir ki, Fələstindəki təşkilatları silahlandırır, məsələnin siyasi yox, hərbi müstəvidə qızışmasında maraqlıdır. Qərbdə Fransa kimi işbirlikçilərin səlibçilik təfəkkürü həm erməniləri müsəlman türklərə qarşı qaldırır, həm də Fələstin ərəblərini yəhudilərə qarşı təhrik edir. İranın Sasani imperiyasını dirçəltmək planı Fransanın səlib yürüşlərini bərpa etmək planı ilə paralel gedir.
Qərbin radikal səlibçi ideoloji xəttinə sadiq güclərin İran inqilabı zamanı planladıqları kimi, İran Fələstin uğrunda ona görə mübarizə aparır ki, o torpaqlar gələcəkdə Fatimilər etdiyi kimi səlibçilərə təhvil verilsin. Necə ki, vaxtilə Misir mərkəzli Fatimi dövlətinin erməni vəziri Bədr əl Cəmali Fələstini müsəlmanlardan alıb səlibçilərə təhvil vermişdir. Bunu təkrar etmək istəyirlər ki, İranın və Fransanın dostu ermənilər də İsraildə status qazansın. Necə ki, İsrail erməniləri də, Fələstin, Suriya erməniləri də bu təxribatların həyata keçməsində rol oynayırlar.
İranın bu "xidməti" sayəsində Fransa kimi Qərb dövlətləri də Sasani imperiyasının bərpasına dəstək olacaqlar. Necə ki, İranın Suriya, İraq, Livan, Yəmən kimi əski Sasani imperiyasına daxil olan ərazilərindəki varlığına yaşıl işıq yandırırlar. Hətta o ərazilərdə ortaq maraqlara da xidmət edirlər.
Bir sözlə, İranla Fransa başda olmaqla Qərb gücləri arasında bazarlıq, əski plan var. Tarix və proseslər hadisələrə görə yox, nəticəsinə görə dəyərləndirilməlidir. Proseslərin tarixi təməli və gedişinin özü bunu sübut edir.
Əks halda necə olur ki, "müsəlman" və "qatı şiə" İran müsəlman Azərbaycanı qoyub, soyqırımına məruz qalmış Qarabağı qoyub öz təbirlərincə desək sünni və nasibi (Əli düşməni) Fələstinə qahmar çıxır? Necə olur ki, müsəlman Pakistanı yox, Buddist Hindistanı dəstəkləyir Kəşmir məsələsində? Uyğur soyqırımını törədən Çinin yanında olur? Və eyni zamanda bütün bu siyasi mövqelərdə Fransa və səlibçi məfkurədə olan Qərbin ideoloji mərkəzləri ilə eyni hədəfə vurur.
Sovet hakimiyyəti dağılandan sonra Fələstin ərəbləri əsasən erməni təsiri ilə Azərbaycana qarşı, ermənilərə tərəf yönləndirilib. Necə erməniləri türk düşmənliyi üstündə yetişdirdilər, fələstinli ərəbləri də yəhudi düşmənliyinə köklədilər.
Fələstin əhalisi sadəcə bu oyunlarda alət, qurban rolunu oynayır. Hesablanmamış, münasib olmayan güc balansını nəzərə almadan bir əsrə yaxındır ki, iki xalqı üz-üzə qoyub qırdırırlar.
Heç bir razılığa, kompromisə yaxınlaşmağa imkan verilmir. Çünki böyük güclərin hələ açığa vurulmayan ideoloji məramları var.
Şübhəsiz ki, ABŞ İrana verdiyi 6 milyard pul da İran tərəfindən Həmas kimi qrupların silahlandırılmasına sərf olundu.
Bu münaqişələr, hərbi qarşıdurma məsələnin sadəcə detalıdır, görünən zahiri tərəfidir. İdeoloji tərəfindən fələstinlilərin xəbəri yoxdur. Onları İranın şüubiyyə, Fransa, ABŞ - ın səlibçi idealistləri məqsədə çatmaq uğrunda qabağa verib istifadə edirlər.
Guya İran bütün İsraili Fələstin edib orada rahat, müstəqil, böyük Fələstin qura bilər? Yaxud bunu istəyir? Əsla! Güc balansı 1947 - ci illərdən pozulub.
Bu məsələnin həlli yalnız İsrail, Osmanlı varisi kimi Türkiyə və regionun ərəb dövlətlərinin danışıqları sayəsində tənzimlənə bilər.
Tural İrfan,
MCP sədr müavini, siyasi şərhçi