XİN başçısı: "Azərbaycanın bütün yəhudi icmaları ilə dostluq münasibəti mövcuddur"

XİN başçısı: "Azərbaycanın bütün yəhudi icmaları ilə dostluq münasibəti mövcuddur"
  • Siyasət

  • Azərbaycanın bütün dünyadakı yəhudi icmaları ilə ənənəvi dostluq münasibəti mövcuddur.

    Azərbaycanın Xarici İşlər Nazirliyindən Leqal.az-a verilən məlumata görə, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirak məqsədilə Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Yəhudi Təşkilatlarının Koalisiyasının (YTK) nümayəndələri ilə görüşündə deyib.

    Görüş zamanı, ABŞ-da yerləşən yəhudi təşkilatları ilə əməkdaşlığın mövcud vəziyyəti, perspektivləri və yeni əməkdaşlıq imkanları, eləcə də bölgəmizdə cari vəziyyət müzakirə olunub.

    C.Bayramov Azərbaycanın bütün dünyadakı yəhudi icmaları ilə ənənəvi dostluq münasibətinin mövcudluğunu vurğulayaraq, ölkəmizin bu əlaqələrin daha da gücləndirilməsi və yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsində maraqlı olduğunu vurğulayıb. Eyni zamanda, Azərbaycanın Amerika yəhudi təşkilatları ilə əlaqələrinin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub və Azərbaycan yəhudi icmasının illər boyu ölkəmizdə sülh şəraitində dinc yanaşı yaşadığı və yaxından cəmiyyətimizə inteqrasiya olunduğu qeyd edilib.

    Nazir, həmçinin Azərbaycanda tolerantlıq və multikulturalizmin tarixən mövcud olduğunu, müxtəlif konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində ölkəmizdə dinc yanaşı yaşadığını, çox sayda sinaqoq, məktəb, mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyini və konfessional rəngarəngliyin ölkəmizin sosial həyatında xüsusi yer tutduğunu qeyd edib.

    C.Bayramov YTK-nın nümayəndələrini regiondakı son vəziyyət və Azərbaycan tərəfindən başladılan lokal anti-terror tədbirləri barədə məlumatlandırıb və bunları şərtləndirən amilləri diqqətə çatdıraraq, YTK-nın regionumuzdakı həqiqətlərin Amerika ictimaiyyətinə çatdırılmasındakı rolunu vurğulayıb.

    Görüşdə tərəflər, həmçinin Azərbaycan-ABŞ münasibətlərinin inkişafı perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər