Urmiya gölündə baş verən ekoloji fəlakətə görə fövqəladə vəziyyət elan edilsin.
Leqal.az xəbər verir ki, bu barədə Təbrizdə fəaliyyət göstərən Azərbaycan İnkişaf Evinin yayımladığı bəyanatda bildirilib.
Qeyd olunub ki, dövlətin təbliğatının əksinə olaraq Urmiya gölü tarixinin ən acınacaqlı dövrünü yaşayır.
Bəyanat müəllifləri Urmiya gölünün bərpası ilə bağlı verilən vədlərə əməl edilmədiyini, ayrılan vəsaitlərin təyinatı üzrə xərclənmədiyini bildiriblər.
Onlar Azərbaycanda baş verən ekoloji fəlakətin fəsadları barədə yazaraq, problemin aradan qaldırılmasına görə məsuliyyətini yerinə yetirməyən hökumət rəsmilərinin məsuliyyətə cəlb edilməsini tələb ediblər.
“Bu gün gölün quruması və duz fırtınalarının baş qaldırması nəticəsində bölgədə xərçəng və tənəffüs xəstəlikləri sürətlə yayılır. Bu və digər ekoloji fəsadlar, xüsusilə, Şərqi və Qərbi Azərbaycan əyalətlərində daha ciddi təhlükələr yaradır, əhalinin nigaranlığına və məcburi köçün başlamasına səbəb olur”, - bəyanatda bildirilib.
Bəyanatda İran hökumətindən gölü xilas etmək üçün bütün gücünü sərf etmək istənilib:
“Təcili və fövqəladə vəziyyət elan edilməli, tədbir görülməlidir. O cümlədən, beynəlxalq təşkilatlardan, Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, eləcə də qonşu dövlətlər və bütün ekoloqlardan kömək istənilsin".