“Avqustun 28-də Fransa Prezidenti Emmanuel Makronun səfirlər konfransı zamanı səsləndirdiyi bölgə üzrə mövcud vəziyyətə dair yanlış təəssürat formalaşdıran və Ermənistanı birtərəfli qaydada müdafiə edən qərəzli fikirləri sülh prosesinə xələl gətirir”.
Bu, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransa Prezidenti E.Makronun səfirlər konfransında səsləndirdiyi fikirlərə dair şərhində əksini tapıb.
A.Hacızadə vurğulayıb ki, Fransa Prezidentinin növbəti dəfə bölgədə humanitar vəziyyət barədə iddiaları əsas götürərək fikirlər səsləndirməsi bu ölkənin siyasətinin yanlış olduğunu bir daha sübut edir.
“Azərbaycana qarşı 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən həyata keçirilən işğalçılıq və təcavüz əməllərini qınamayan, işğal nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkünün humanitar vəziyyətinə dair heç bir şərh verməyən Fransa tərəfinin indi Azərbaycanın BMT nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz torpaqlarının azad edilməsi ilə nəticələnən 2020-ci il 44 günlük Vətən müharibəsini qınaması, eləcə də bölgədə humanitar vəziyyət ilə bağlı iddialara çıxışında xüsusi vurğu etməsi anlaşılan deyil”, - A.Hacızadə bildirib.