Ermənistanın hərbi-siyasi rəhbərliyi yeni ərazilərin ələ keçirilməsi ilə bağlı absurd iddialar irəli sürürdü. Bu kimi addımlar təbii ki, sülh danışıqlarının və münaqişənin dinc yolla həll olunmasının üzərindən xətt çəkirdi. Reallıq bir daha göstərir ki, Azərbaycan tərəfi təhlükə altındadır, Ermənistan yox. Çünki Ermənistan tərəfi Azərbaycanın dinc əhalisinə qarşı məqsədyönlü raket hücumları həyata keçirir. Məhz buna görə də Azərbaycan əhalisi təhlükə qarşısındadır.
LEQAL.AZ Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri oktyabrın 19-da ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan Silahlı Qüvvələri və Azərbaycan rəhbərliyi müvəqqəti humanitar atəşkəsə sadiqdir. Lakin Ermənistan tərəfinin davam edən təxribatları bizi vadar edir ki, öz əhalimizin, dinc sakinlərimizin təhlükəsizliyini təmin edək. Təkcə dünən gün ərzində Azərbaycanın 5 rayonu 229 mərmiyə hədəf olub. Ermənistanın davam edən hərbi təcavüzü nəticəsində Azərbaycanın yaşayış məntəqələrinə, mülki obyektlərinə 24 mindən çox mərmi atılıb, 1846 ev yararsız vəziyyətə düşüb. Həmçinin bir sıra digər mülki obyektlər də dağılıb.