Azərbaycan özünün ərzaq təhlükəsizliyini tam təmin etmək iqtidarındadır

Azərbaycan özünün ərzaq təhlükəsizliyini tam təmin etmək iqtidarındadır
  • Siyasət

  • Azərbaycanda son 10-15 il ərzində nəqliyyat sektorunda çox böyük işlər görülüb. Məhz buna görə də bu gün  Azərbaycan istənilən yükü qəbul edə və onu tranzit kimi ötürə bilmək imkanlarına sahibdir. Bu istiqamətdə işlər indi də davam etdirilir və getdikcə daha böyük vüsət almaqdadır. O cümlədən, Vətən müharibəsi Azərbaycanın tarixi Qələbəsilə başa çatdıqdan sonra azad edilmiş ərazilərdə də nəqliyyat sektorunda böyük işlər görülür. Təbii ki, bu layihələrin arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturu xüsusi önəm kəsb edir. Ölkə Prezidenti cənab İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən etdiyi çıxışında xüsusi olaraq vurğuladı ki, Zəngilan gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcək. Bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcək və bu hava limanının çox böyük funksiyaları olacaqdır. Rayonun coğrafi mövqeyi, beynəlxalq bazarlara yaxın olması və digər amillər geniş perspektivlər açır. Dövlət başçımızın qeyd etdiyi kimi, azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci hava limanının məhz Zəngilanda yaradılması, əlbəttə ki, coğrafi vəziyyəti nəzərdə tutur, buna əsaslanır.

    Eyni zamanda da bu strateji obyekt ölkənin həm iqtisadi, nəqliyyat, həm də təhlükəsizliklə bağlı məsələlərini həll etmək üçün vacib vasitə olacaqdır. Zəngəzur dəhlizinə gəlincə isə, Prezident İlham Əliyev öz çıxışında bir daha vurğuladı ki, artıq bu dəhliz reallıqdır. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq. Məhz buna görə də hazırda dörd və altı zolaqdan ibarət olan avtomobil yolu sürətlə inşa edilir. Nəzərə almaq lazımdır ki, bu yol həm də keçmiş məcburi köçkünlərin rahatlığını yüksək səviyyədə təmin edəcək. Bununla yanaşı, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına çoxzolaqlı yol çəkilir ki, bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək.
           
    Azərbaycanın işğaldan azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, burada heyvandarlıqla çox geniş miqyaslda məşğul olmaq olar, xüsusilə Laçın, Kəlbəcər, o cümlədən Qubadlı, Zəngilan rayonlarında. Həmçinin Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl və eyni zamanda, Zəngilan, Qubadlı rayonlarında əkinçiliklə məşğul olmaq üçün təbii şərait kifayət qədər əlverişlidir. Dövlət başçımızın qeyd etdiyi kimi, Ermənistan 30 il ərzində işğal altında olan torpaqların ekologiyasına da böyük zərər vurmuşdur. Əlli-altmış min hektar meşə ilə örtülü sahə tamamilə məhv edilmişdir. Bunu peyk vasitəsilə müşahidə etmək olur. Xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında meşələrin kütləvi surətdə qırılması prosesi gedirdi. Bu, faktiki olaraq vəhşilik və talançılıqdır. Ermənistanın işğal dövründə çirkin əməllərini dürüst təsvir etmək üçün, bu iki ifadə ön planda olmalıdır – vəhşilik və talançılıq. Zəngilanda da bu mənfur işlər görülmüşdür və bunun nəticəsində təbiətə çox böyük ziyan vurulmuşdur.

    Lakin indi dövlətimizin səyləri ilə vəziyyətin normallaşması müşahidə olunur. Bu proseslərin fonunda azad edilmiş ərazilərdə iqtisadi inkişafa nail olmaq və əhalinin məşğulluğunu təmin etmək istiqamətində bütün lazımi tədbirlər həyata keçirilir. O cümlədən azad edilmiş ərazilərdə birinci aqropark məhz yenə də Zəngilan rayonunda yaradılır. Diqqətəlayiq haldır ki, keçən il Azərbaycan və Türliyə Prezidentləri birlikdə “DOST Aqropark” adlandırılan aqroparkın təməlini qoyublar. Bu, birinci, nümunəvi bir aqropark olacaq və getdikcə azad edilmiş torpaqlarda aqroparkların sayı daha çox olacaq. Təbii ki, Zəngilan rayonunda əsas məşğulluq sahəsi və iqtisadiyyatın əsas hissələrindən biri də kənd təsərrüfatı olmalıdır. Çünki təbii iqlim bunun üçün çox əlverişlidir. Hazırda Ağalı kəndində yeni müəssisələrin yaradılması üzrə iş gedir. Bir müddət əvvəl dövlət başçısı göstəriş vermişdi ki, keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkanlar olsun. Bu isə o deməkdirki, həm kənd təsərrüfatında, həm də dövlət və özəl şirkətlər tərəfindən yaradılmış müəssisələrdə insanlar çalışacaqlar.  
           
    Bu gün bütün dünyada ərzaq təhlükəsizliyi məsələsi ön plana çıxır. Son illərdə ölkəmizdə bu istiqamətdə bir çox işlər görülüb və bu işlər getdikcə artan intensivliklə davam etdirilir. Ümumiyyətlə Zəngilanda kənd təsərrüfatının inkişafı ilə bağlı çox böyük imkanlar var. Prezident İlham Əliyev öz çıxışında məhz bu məqamı da vurğulayaraq bildirdi ki, rayonun kənd təsərrüfatı potensialının maksimum dərəcədə realizə etmək üçün müvafiq qurumlar tərəfindən tövsiyələr verilməlidir. Çünki sovet vaxtında rayonlarımızda kənd təsərrüfatı ilə bağlı aparılan işlər müasir dövrdə əsas ola bilməz. Çünki o vaxt tam fərqli aqrotexniki imkanlar, tam fərqli texnologiyalar var idi. Bu gün isə Azərbaycanın ölkənin kənd təsərrüfatı sahəsinə ən qabaqcıl texnologiyaları gətirmək imkanları var. Dövlət başçısının dediyi kimi, dünyada ən mütərəqqi texnologiya nədirsə, o, bizdə xüsusilə azad edilmiş ərazilərdə olmalıdır. Yalnız bu yolla Azərbaycan özünün ərzaq təhlükəsizliyini tam təmin edə bilər.


    Rusif Kərimov,
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi

    PAYLAŞ:

    Oxşar xəbərlər