Xəbər verdiyimiz kimi, Azərbaycanın Əməkdar artisti Baloğlan Əşrəfov 69 yaşında dünyasını dəyişib.
LEQAL.AZ xəbər verir ki, “report”un çəkiliş qrupu sənətçinin yaşadığı evin qarşısında olublar. Burada mərhumun ailə üzvləri, sənət dostları onun evinin qarşısına toplanıb.
Sənətçinin yaxın dostu, Əməkdar artist Yusif Mustafayev mərhumun itkisindən çox təsirləndiyini bildirib:
"Bu, Azərbaycan səhnəsi üçün böyük itkidir. Biz sənət yoldaşları hamımız burdayıq. Məni ən çox yandıran o kəlməsi oldu ki, deyirdi "Yusif, mən onsuz da 70 yaşımı görməyib bu dünyadan gedəcəm". Allah rəhmət eləsin, ailəsinə dərin başsağlığı verirəm".
Müğənni Əflatun Qubadov Əməkdar artistin ona həmişə sənət yolunda dayaq olduğunu söyləyib: "Baloğlanı istəməyən yox idi. O, hamımızın sevimlisi idi, mənə böyük qardaş olub, xətrini dünyalar qədər istəmişəm. Elimizdən, obamızdan getdi Baloğlan, Allah ona qəni-qəni rəhmət eləsin".
Müğənni Əlikram Bayramov sənətçinin vəfat etməsini Azərbaycan səhnəsi üçün böyük itki olduğunu vurğulayıb: "Mən şəxsən çox pis vəziyyətdəyəm. Bir onu deyə bilərəm ki, Azərbaycan incəsənətinin xalq tərəfindən sevilən böyük sənətkarını itirdik. Heyif səndən Baloğlan".
Baloğlan Əşrəfovla birgə çalışmış Şərafəddin İlkin də dərin təssüf hiss keçirdiyini qeyd edib:
"Biz Baloğlan müəllimlə bir çalışırdıq. Mən şokdayam. Onun belə bu dünyadan vaxtsız gedəcəyini gözləmirdim. Təsəvvür etmirdim ki, mən onun cənazəsini evdən çıxarılarkən görəcəm. Allah rəhmət eləsin".
Mərhumun həmkarı Elşad Qarayev isə bildirdi ki, Baloğlan Əşrəfov xəstəxanadan qorxurdu:
"Mən Baloğlan müəllimlə hər gün danışırdım. Elə hər zaman da deyirdi ki vəziyyətim yaxşı deyil. Deyirdim ki özünü möhkəm saxla, bu xəstəliyi çoxumuz keçirmişik sən də bunu üstündən atladacaqsan. O, xəstəxanadan, iynədən möhkəm qorxurdu. Biz böyük qardaşımızı itirdik. O Azərbaycan səhnəsində iz qoydu getdi və heç kim onu unutmayacaq".
Qeyd edək ki, Əməkdar artist bu gün səhər saatlarında Masallı rayonunun Bədəlan kəndində dəfn edilib.