Moskvada Nizami Gəncəvinin 880 illiyi münasibətilə Qara Qarayevin “Yeddi gözəl” baletinin növbəti nümayişi olacaq

Moskvada Nizami Gəncəvinin 880 illiyi münasibətilə Qara Qarayevin “Yeddi gözəl” baletinin növbəti nümayişi olacaq
  • Mədəniyyət

  • Martın 30-da Moskva Quberniya Teatrının səhnəsində dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş olunacaq. SSRİ Xalq artisti Vyaçeslav Qordeyevin rəhbərlik etdiyi “Rus baleti” teatrı tərəfindən 2015-ci ildə səhnələşdirilən tamaşanın hər nümayişi böyük maraqla qarşılanır.

    Mədəniyyət Nazirliyindən LEQAL.AZ-a bildirilib ki, baletin eyni səhnədə budəfəki təqdimatı isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunub.

    Tamaşanın quruluşçu baletmeysterləri Azərbaycanın Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovdur. “Rus baleti” teatrının baletmeysteri, Azərbaycanın Əməkdar artisti Vitali Axundov tamaşanın yeni redaksiyasını hazırlayıb. Qeyd edək ki, Vitali Axundov vaxtilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Yeddi gözəl” baletində Bəhram şah rolunun ifaçısı olub.

    “Yeddi gözəl” baletinin süjetinin əsasını dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin eyniadlı poeması təşkil edir. Sevgi, dostluq, xəyanət, hökmranlıq, sədaqət və ədalətdən bəhs edən poemanın motivləri əsasında görkəmli bəstəkar Qara Qarayevin yazdığı (libretto müəllifləri İsmayıl Hidayətzadə, Yuri Slonimski, Sabit Rəhman) baletin premyerası 1952-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilib.

    Müxtəlif illərdə “Yeddi gözəl” baleti Rusiya (Moskva, Sankt-Peterburq, Ufa, Saransk, Sıktıvkar, Perm), Belarus, Ukrayna, Türkiyə, ABŞ, Belçika teatrlarında səhnəyə qoyulub.

    Xatırladaq ki, “Yeddi gözəl” bu il fevralın 9-da Qara Qarayevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Rus baleti”nin təqdimatında Moskva Quberniya Teatrında nümayiş olunmuşdu.

    SSRİ Xalq artisti, professor Vyaçeslav Qordeyevin rəhbərliyi ilə fəaliyyət göstərən “Rus baleti” Moskva Vilayət Dövlət Akademik Teatrı əksəriyyəti “Qu gölü”, “Yatmış gözəl”, “Şelkunçik”, “Jizel”, “Zoluşka”, “Don Kixot”, “Şəhrizad” kimi klassik nümunələrdən ibarət olan geniş repertuara malikdir. Bu teatra klassik xoreoqrafiyanın məşhur nümunələri və onların virtuoz ifası ilə yanaşı, həm də bədii rəhbərin müəllif quruluşları da şöhrət qazandırıb. Hazırda teatrın truppasında 70-dən çox rəqqas, balet müsabiqələrinin laureatları fəaliyyət göstərir. Hər il gənc ifaçıların qoşulduğu truppada ABŞ, İtaliya və Yaponiyadan olan balet artistləri də çalışır.
    PAYLAŞ:

    Oxşar xəbərlər