27 Sentyabrdan bəri ermənilərin qorxulu yuxusuna çevrilmiş Bayraqdar TB2 PUA-sının müəllifi Səlcuq Bayraqdarla bağlıdır budəfəki yazımız.
Səlcuq Bayraqdar, SİHA və İHA olaraq tanınan pilotsuz uçuş aparatlarının memarıdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni kimi də bilinən Səlcuq Bayraqdarın həyat hekayəsini Techland.az oxucuları ilə bölüşürük.
LEQAL.AZ techland.az-a istinadən bildirir ki, Səlcuq Bayraqdar 1979-cu ildə İstanbul-Sarıyerdə anadan olub. İlk təhsilini Sarıyer orta məktəbində alan Səlcuq 1997-ci ildə Robert Kollecini bitirir.
1997-2002-ci illər arasında İstanbul Texniki Universitetində (İTU) Elektron və Rabitə Mühəndisliyi bölməsində ali təhsil alıb. Universitetdə təhsili aldığı müddətdə Pensilvaniya Universiteti (UPenn) GRASP laboratoriyasından staj üçün qəbul alır. Upenn-də təcrübə zamanı ona təklif olunan təqaüdlə 2002-2004-cü illərdə sözügedən universitetin Elektrik mühəndisliyi fakültəsində magistr təhsili alır. Təhsil müddətində dünyada ilk dəfə olaraq İHA-ların meydana gəlməsi və uçuş təcrübələri, hava-yer robot komandalarının koordinasiyası, uçuşa nəzarət sistemləri haqqında elmi nəşrlər hazırlamışdır.
Magistr təhsilini başa vurduqdan sonra, qazandığı nailiyyətləri nəzərə alaraq Massachusetts Texnologiya İnstitutunda (MIT) təqaüdlə doktorantura təhsili təklifi almışdır.
MIT-dəki təhsili müddətində İnsansız uçuş aparatlarına aqressiv manevrlər təmin edəcək avtomatik uçuş idarəetmə alqoritmləri sahəsində araşdırmalar aparmışdır.
Səlcuq Bayraqdar bir müddət Georgia Texnologiya Universitetində də doktorantura təhsilini davam etdirib.