Namazın mənəvi faydaları...
Alman filosofu Leybnist “Ruhi-mənəvi sıxıntını və ya narahatçılığı aradan qaldırmaq üçün insan Allaha şüurlu şəkildə inanmalıdır..."
Namaz narahatlıq və stressi azaldır...
Namaz narahatlıq və sıxıntıları aradan qaldırır. İnsan namazla əsl səadətə çatır, mütməin[8] qəlbə sahib olur və mənəvi rahatlıq tapır. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir çətinliklə üzləşəndə, və ya narahat olanda namaza sığınardı. Allah Rəsulu nədənsə sıxılanda namaza yönələr və azanı qəsd edərək müəzzini Bilala: “Bizi rahatlat, ey Bilal!” – deyərdi[9]. Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) bu sözləri namazın insanı rahatlatdığını, bəndənin sıxıntı və kədərini Allaha ərz edib yalvarmaqla rahatlıq tapacağını, bu gün geniş yayılmış stress və depressiv hallardan qurtulmaqda effektiv müalicə üsulu olduğunu göstərir.
Bəli, sıxıntı və kədər içində boğulan qəmli könüllərin məlhəmi namazdır. Qorxu bürümüş bir qəlb namazda rahatlıq tapır. Ürəyi qısılan və iztirab çəkən bir insanın dərmanı namazdadır.
Ulu Rəbbimiz necə gözəl buyurur: “(Ya Rəsulum!) Doğrusu, Biz onların (istehzalı) sözlərindən sənin ürəyinin qısıldığını bilirik! Sən isə Rəbbini tərifləyib şükür et, səcdə edənlərlə (namaz qılanlarla) birlikdə ol! Və sənə ölüm gələnədək Rəbbinə ibadət et!”[10]
Namaz kimi bir dostu olan tənhalıqdan necə şikayətlənə bilər?! Allah Onu (c.c.) zikr edən, dualarla yalvaran bəndənin ən böyük dostudur.
Məşhur amerikalı psixiatr Henri Link imansızlığın psixoloji xəstəliklərin əsas səbəbi olduğunu deyərək imana dönmüş və xəstələrini də imana çağırmışdır. Henri Link “Dinə qayıdış” adlı əsərində “Birinci dəfə məni dindən uzaqlaşdıran elm daha sonralar yenidən dinə yönəltdi”, – deyə bu məqama toxunmuş, xəstələrini ibadətgahlara getməyə təşviq etdiyini və onların məhz din sayəsində yaxşılaşdığını yazmışdır.
Link dinin insana psixoloji faydalarını bu cür izah edir: “Demək istəyirəm ki, əsas məsələ heç də mənim toplumun bir fərdi olaraq dinə qayıtmağım deyil. Əsas məsələ psixologiya elminin bu dönüşün səbəblərini kəşf etməsidir. Müxtəlif elmlərin cəmiyyətə bir çox faydaları ola bilər. Ancaq fərdə və topluma mənəvi rahatlıq gətirən, xəstəni sağalmağa ümidləndirib rahatladan, ailələrə xoşbəxtlik işığı bəxş edən yeganə amil imandır”[11].
Alman filosofu Leybnist də: “Ruhi-mənəvi sıxıntını və ya narahatçılığı aradan qaldırmaq üçün insan Allaha şüurlu şəkildə inanmalıdır. Çünki bu sıxıntı hər şeydən əvvəl şübhələrdən doğur, şübhə də qəlbin parça-parça olmasına gətirib çıxarır”[12], – deyir.
Aleksis Karrel də eyni mövzu ilə bağlı deyir: “Biz bu gün psixoloji gərginliklərin artmasının səbəbi kimi maddi dəyərlərin mənəvi dəyərlərdən üstün tutulmasını göstərə bilərik. Maddi həyata düşkünlük bəşəriyyətə xoşbəxtlik gətirməməklə yanaşı, insanın psixoloji gərginlik keçirməsinə də əngəl ola bilməmişdir. Çünki inancsızlıq insanı mənəvi uçuruma aparır”[13].
Gündəlik həyatda fərdlərlə, cəmiyyətlə bağlı problemlər və təbiət hadisələri insan psixologiyasına istər-istəməz təsir edir. Namaz isə qayğı və stressi azaldır. İnsanın hüzur və təslimiyyət hissi ilə Allahın (cəllə cəlaluhu) hüzurunda dayanması, yəni namaz qılması, dünyəvi sıxıntılardan tamamilə uzaqlaşması onun ruhuna sakitlik və hüzur gətirir.
Pensilvaniya Universitetinin (ABŞ) Tibb mərkəzinin mütəxəssisi professor Nevberqin (Newberg) namaz qılan və dua edən bir qrup müsəlman üzərində apardığı araşdırmanın nəticəsinə görə xüşu ilə edilən dua və təəmmül (yalvarış, düşüncə) əsnasında alının, yəni beyinin ön hissəsinin “Frontal lobe” adı verilən qərar qəbul etmə şöbəsində qanın miqdarı nəzərə çarpacaq dərəcədə artır. Hiss-həyəcan və reaksiya vermə ilə bağlı qərarlar beyinin bu şöbəsində verilir. İnsandakı hissi və davranış bacarıqları burada öyrənilir. Tədqiqatın nəticələri göstərmişdir ki, təfəkkür və Allaha yönəlmə anında insan özünü Allaha daha yaxın hiss edir, uca, ülvi duyğular keçirib qəlb rahatlığı və sakitlik tapır[14].
(Davamı var)
Mənbələr:[8]Yəqinlik hasil etmiş, şübhə etməyən
[9]Əbu Davud, “Ədəb”, 86
[10]“Hicr” surəsi, 15/97-99
[11]Mikdat Yalçın, “İman ve Ahlakın Hayati Değerleri”, “İmanın Lüzum ve Değeri” Örnek medeniyet Eğitim ve Kültür Araştırmaları Vakfı, İstanbul 1997, s. 33-34.
[12]Mikdat Yalçın, “İman ve Ahlakın Hayati Değerleri”, s. 34.[13]Aleksis Karrel, “Modern hayat ve Psikolojik Sıhhat”, s. 28.
[14]“Nevsveek” jurnalı, 7 may 2001. Religion and the brain./Meneviyyat.az
www.leqal.az