Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 20-ci iclasında, iyul ayında qəbul edilmiş "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq gündəlik neft hasilatının oktyabrda 400 min barel artırılması barədə əldə edilmiş razılığa Azərbaycan da öz dəstəyini ifadə edib.
Energetika Nazirliyindən LEQAL.AZ-a verilən məlumata görə yeni "Əməkdaşlıq Bəyannaməsi" Azərbaycanda gündəlik xam neft hasilatının oktyabrda daha 7 min barel artırılaraq 640 min barelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 78 min barel həcmində olmasını nəzərdə tutur.
Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 mln. barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.
Bu qərarın qüvvədə olduğu müddətdə Azərbaycan gündəlik xam neft hasilatını hər ay, təxminən, 7 min barel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə etmiş olur.
OPEC və qeyri-OPEC ölkələri nazirlərinin növbəti iclasının isə 2021-ci ilin 4 oktyabr tarixində keçirilməsi qərara alınıb.