Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsinə start verilib

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsinə start verilib
  • İdman

  • İyunun 6-da saat 16:00-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsinə start verilib.

    LEQAL.AZ  xəbər verir ki, Qran-Pridə hər birində iki pilot olan on komanda mübarizə aparır. Ötən gün keçirilmiş sıralanma yürüşünün nəticələrinə əsasən pilotların düzülüşü aşağıdakı kimidir: Şarl Lekler (“Ferrari”), Luis Hamilton (“Mercedes”), Maks Ferstappen (“Red Bull Racing Honda”), Pyer Qasli (“AlphaTauri”), Karlos Sayns (“Ferrari”), Serxio Peres (“Red Bull Racing Honda”), Yuki Tsunoda (“AlphaTauri”), Fernando Alonso (“Alpine”), Lando Norris (“McLaren”), Valtteri Bottas (“Mercedes”), Sebastian Fettel (“Aston Martin”), Esteban Okon (“Alpine”), Daniel Rikkardo (“McLaren”), Kimi Raykkonen (“Alfa Romeo”), Corc Rassel (“Williams”), Nikolas Latifi (“Williams”), Mik Şumaxer (“Haas”), Nikita Mazepin (“Haas”), Lens Stroll (“Aston Martin”) və Antonio Covinatsi (“Alfa Romeo”).

    Pilotlar uzunluğu 6 kilometr, yürüş marşrutunun ümumi məsafəsi isə 306 kilometr olan Bakı şəhər halqasında iki saat ərzində 51 dövrə vuracaqlar. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

    Azərbaycan Qran-Prisi Formula 1 üzrə dünya çempionatının altıncı mərhələsidir. Başa çatan beş Qran-Pridən sonra pilotların mübarizəsinə 105 xalla “Red Bull Racing Honda” komandasının niderlandlı sürücüsü Maks Ferstappen liderlik edir. Bəhreyn (26-28 mart), Portuqaliya (30 mart-2 may) və İspaniya (7-9 may) Qran-prilərinin qalibi olan M.Ferstappen aprelin 16-18-də keçirilmiş İtaliya və mayın 20-23-də təşkil olunan Monako mərhələlərində ikinci yeri tutub. Ondan cəmi 4 xal geri qalan “Mersedes” komandasının britaniyalı pilotu Luis Hamiltonun İtaliya Qran-Prisində birinci yeri tutub. “Mcaren” komandasının britaniyalı pilotu Lando Norris 56 xalla üçüncü, “Mersedes”in finlandiyalı sürücüsü Valtteri Bottas 47 xalla dördüncü, “Red Bull Racing Honda”nın meksikalı pilotu Serxio Peres isə 44 xalla beşincidir.

    Konstruktorların yarışında isə 149 xalla birinci yerdə qərarlaşan tutan “Red Bull Racing Honda” ən yaxın izləyicisi “Mersedes”i bir xal qabaqlayır. “McLaren” 80 xalla üçüncü, “Ferrari” isə 79 xalla dördüncüdür. Beşinci pillədəki “Aston Martin” komandasının cəmi 19 xalı var.

    Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə iyunun 4-də start verilib. Yarışın birinci günündə pilotlar Bakı trekində iki sərbəst yürüşdə mübarizə aparıblar. Ötən gün isə Formula 1 pilotları üçüncü sərbəst yürüş və sıralanma turunda mübarizə aparıblar. Sıralanma yürüşündən sonra Formula 1 Azərbaycan Qran-Prisində pilotların düzülüşü müəyyənləşib. Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib.

    Xatırladaq ki, Formula 1 yarışı Azərbaycanda 2016-cı ildən keçirilib. Birinci yarışda – Formula 1 Avropa Qran-Prisində “Mersedes” komandasının almaniyalı pilotu Niko Rosberq qalib gəlib. 2017-ci ildə təşkil olunan Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı pilotu Daniel Rikkiardonun qələbəsi ilə başa çatıb. Ondan bir il sonra isə “Mersedes” komandasının britaniyalı sürücüsü Luis Hamilton Bakı şəhər halqasını fəth edib. 2019-cu ildə Formula 1 idmanı tarixində sayca 1001-ci Qran-Pri olan Bakı yarışında “Mercedes” komandasının pilotu Valtteri Bottas qalib adını qazanıb. Ötən il koronavirus pandemiyası ilə əlaqədar Formula 1 üzrə dünya çempionatının bir neçə mərhələsi, o cümlədən Azərbaycan Qran-Prisi ləğv edilib./azərtac
    PAYLAŞ:

    Oxşar xəbərlər