Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha bir uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin alışı və satışı ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş Tural Məcidov saxlanılıb. Axtarış zamanı ondan ümumi çəkisi 3 kiloqram 835 qram olan heroin aşkarlanıb.
Araşdırma zamanı müəyyənləşdirilib ki, T.Məcidov xarici ölkələrdən birinin şəxsiyyəti istintaqa məlum olmayan vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq narkotik vasitələrin Bakıya gətirilməsinə kömək edib. Saxlanılan şəxs həmin əcnəbi vətəndaşın tapşırığı ilə narkotik maddələri paytaxtın müxtəlif yerlərinə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməyi planlaşdırıb. O, ifadəsində narkotik vasitələri satmaq məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı saxlanılan şəxs barəsində Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. T.Məcidov tutularaq istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir.
azərtac